
“Vətən” kinoteatrının direktoru Məhəmməd Dostuyevlə sahibkarlar arasında qalmqal yaranıb.
Bu barədə “Bizim Yol”a həmin sahibkarlardan biri Şahin Cəfərov bildirib.
O deyir ki, 9 ildir ”Vətən” kinoteatırında sahibkarlıq fəaliyyəti göstərən şəxslərə qarşı əsassız tələblər irəli sürülüb: “Direktor hər ay biz sahibkarlardan 10 min manatdan çox icarə haqqı alıb, üstəlik elektrik enerjisinə görə də ödəniş etmişik. Dövlətə isə cəmi 800 manat vergi ödəyib, qalan məbləği mənimsəyib. İndi dövlət ondan vergi tələb edir. May ayının 25-nə kimi direktora vaxt qoyublar. O da bizdən əsassız olaraq 35 min manat tələb edir”.
Sahibkar iddia edir ki, M.Dostuyev “Vətən” kinoteatrını Əmlak Məsələləri Dövlət Komitəsi vasitəsi ilə satışa çıxardaraq külli miqdarda pulu mənimsəyib: “Məhəmməd Dostuyev bizə dediyinə görə, “Vətən” kinoteatrına 3 miliondan artıq pul verilib. Amma, o pulun cəmi 1 milyonunu dövlətə keçirib. Qalanı isə mənimsənilib. Məhəmməd Dostuyev “Vətən” kinoteatrının satışından gələn gəlirlə bizləri əzəcəyini, susdurmağa yol tapacağı ilə hədələyir. Həmin işlədiyimiz “Vətən” kinoteatrının ərazisində cari ilin sonuna kimi müqaviləmiz ola-ola bu gün 01 may 2017-ci il tarixdə Məhəmməd Dostuyev kinoteatra girişi bağlayaraq, işıqları söndürərək bizi içəri buraxmir və hədələyir”.
Sahibkar bildirir ki, M.Dostuyev sahibkarları vəzifədə olan adamları ilə də hədələyir: “O, Əmlak Məsələləri Dövlət Komitəsində adamlarının olduğunu əsas gətirərək özbaşınalıqlarını davam etdirir. Niyə kinoteatrın satılması barədə bugünkü günədək bir rəsmi açıqlama yoxdur? Bu heç kimi maraqlandırmır. Bizim bu gün kinoteatr ərazisində olan əmlaklarımıza yaxın qoymurlar. Bizim əlimizdə müqavilə ola-ola bizi niyə incidirlər? Ərazi üzrə Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Bölməsinə müraciətimizdən sonra hansı tədbirlərin görüləcəyinə və bizim hüquqlarımızın qorunacağına ümid edərək, sahibkarlığımıza davam edəcəyimizi gözləyirik. Əks halda məhkəməyə və digər orqanlara müraciət etməyə məcbur qalacağıq”.
Hüquqlarının pozulduğunu bildirən sahibkarlar Şahin Cəfərov, Elman Hacıyev və Nadir Məmmədov Prezident İlham Əliyevə və aidiyyatı qurumlara müraciət ediblər.
Qaynar.Az