
Vətəndaşın biri mən.
Sabah onlara necə inanacam, necə gedib səs verəcəm, tanımayanlara necə tanıdacam?
Söhbəti izləmədim. Heç istəmədim də. İki özündənrazı gənc söz güləşdirir. Bir-birlərinin zibilini açıb töküblər ortaya. Belə zibil sərgiləri tez-tez keçirildiyindən, o qədər də diqqət cəlb eləmir.
Bənövşəbığ oğlanlarımız, çiçəyi burnunda qızlarımız (siyasətin yaşı ilə müqayisədə) ara-sıra nəsə yazdıqlarına, nəsə dediklərinə, harasa getdiklərinə, kimləsə görüşdüklərinə görə it kimi peşman olurlar.
İt demiş, bu gün it yiyəsini tanımırsa və məscidin də qapısı tərs kimi açıqdırsa... (cümləni bitirə bilmədim).
Elə bilirsiz, sarsılmaz mühafizəkar keçmişi olan Azərbaycan 3 məqalə, 5 çıxış, 7 xarici qonaqla anidən liberallaşacaq və bu gün sizin çıxardığınız oyun rahat şəkildə siyasi mübarizənin tərkib hissəsi kimi təqdim edilərək bəh-bəhlə tarixə yazılacaq və təqdir olunacaq?
Etməyin, eləməyin.
Siyasi iddialarınız varsa, lütfən, cavanlıq eləməyin ortalıqda.
Siz şair deyilsiniz, sizi nə tarix, nə də qadınlar bağışlayacaq, bəylər.
Azərbaycan siyasətinin 20 illik məsuliyyətsizlik dövrü sizə qol-qanad verməsin. Həmişə belə olmayacaq. Həmişə hamı kefi istədiyini deyib, eləyib ortalıqda teşə-teşə gəzə bilməyəcək. Sabah bu məsuliyyətsizliyiniz üçün sizdən haqq-hesab tələb edən çox olacaq.
Nə deyəcəksiniz onlara?
Vətəndaşın biri mən.