
Hamiləlik zamanı analizlər, yoxlanış və doğuş neçəyə başa gəlir? Özəl xəstəxanalarda «qiymət oxuyurlar», dövlətin tibb müəssisələrində isə rüşvət işləyir
Hər bir qadının arzusu ana olmaq, dünyaya sağlam, gözəl övladlar gətirməkdir. Bu önəmli hadisəyə ciddi yanaşmaq, ananın sağlamlığını ciddi şəkildə qorumaq isə bütün ailənin, hətta cəmiyyətin borcudur. Doğuş üçün xəstəxananın və təcrübəli həkimin seçilməsi ana və körpənin sağlamlığı üçün vacibdir. Bununla yanaşı prosesin maliyyə tərəfi də hər kəsi düşündürür. Bu gün ölkəmizdə istər özəl, istərsə də dövlət xəstəxanalarında həm təbii yolla, həm də qeysəriyyə əməliyyatı ilə uşağın dünyaya gəlməsi üçün hər bir şərait var.
Bəs bir ailə övladı sağlam dünyaya göz açsın deyə nə qədər vəsaitdən keçməli olur? Hamiləlik zamanı analizlər, yoxlanış və nəhayət doğuş neçəyə başa gəlir?
Həkimlər qadın hamilə olan zaman müntəzəm həkim-ginekoloqun nəzarətində olmağı, müxtəlif analizlərdən keçməyi məsləhət görürlər. Bu həm körpənin, həm də ananın sağlamlığı üçün ən vacib şərtdir. Hamiləlik zamanı adətən standart qəbul olunmuş analizlərə qan qrupunun, rezus-faktorun, hemoqlobinin səviyyəsinin müəyyən edilməsi, həmçinin qanın biokimyəvi analizi, koaquloqramma (qanın laxtalanması), TORCH- infeksiyalara (toksoplazmoz, məxmərək, sitomeqalovirus, herpes virusu) analizləri verilməlidir. Bundan əlavə, anada uşağın inkişafına mənfi təsir göstərə bilən infeksiyalara qan vermək təklif olunur. Bunlar Hepatit B, Hepatit C, İİV və sifilis analizləridir. Digər tərəfdən, dölün normal inkişafını izləmək üçün USM müayinələri də tətbiq olunur. Hamiləliyin müxtəlif dönəmlərində ana bətnindəki körpənin inkişafı izlənir və hər hansı problemin yaranıb-yaranmadığı müşahidə olunur. Müasir dövrün analizlərində genetik xəstəliklər riski və sindromların olub-olmaması da valideynləri narahat edən problemlərdən biridir. Məhz buna görə, hamiləliyin müxtəlif dönəmlərində həmin analizlərin verilməsi məsləhət görülür.
Ana olmağa hazırlaşan Bakı sakini Leyla Hüseynova deyir ki, indi uşaq dünyaya gətirmək heç də asan deyil. İstər müayinələrin çoxluğu, istər həmin zaman keçirilən stress, istərsə də qiymətlər bu prosesi daha da çətinləşdirir: “Bir qadın üçün ən xoşbəxt an övladı olacağını öyrəndiyi andır. Ancaq müasir dövrdə o qədər problemlər, xəstəliklər var ki… İstər- istəməz bütün valideynlər uşaqda hər hansı problemin yaranacağından qorxurlar. Daun, autizm, genetik xəstəliklər və s. Hər analizdə isə ana olaraq deyə bilərəm ki, böyük həyəcan keçiriəm. Birdən övladımda nəsə problem olar? Eybi yox, məndə nə problem olur-olsun, mənə bir şey olmaz. Ancaq uşaq üçün ən balaca bir şey böyük təhlükə yaradır. Sağlam uşaq dünyaya gətirmək üçün hamiləliyin ilkin dövründən həkim nəzarətində olmaq lazımdır. Təbii ki, yaxşı mütəxəssisdən söhbət gedir. Öncə müayinə üçün dövlət doğum evlərinin birinə müraciət etdim. Sıxlığı təsəvvür edə bilməzsiniz. Nə yalan deyim, həkimin danışığı, müayinəsi heç də xoşuma gəlmədi. Sanki biganə yanaşırdı. Elə həmin gün tanışlarımın məsləhəti ilə özəl klinikaların birində çalışan ginekoloqa müraciət etdim. İlkin müayinə, USM, analizlər birlikdə 220 manat tutdu”.
Xanım deyir ki, daha sonra müəyyən müddət keçdikdən sonra verilməsi mütləq olan analizlər gəlir: “Düzdür, qiymətlər heç də ucuz deyil. Ancaq övladımın sağlamlığı üçün hər şeydən keçməyə razıyam. Ən azından bilirəm ki, heç bir problem yaşamayacam. Daun, talassemiya, döldə yarana biləcək eybəcərliklər, digər genetik xəstəliklərlə bağlı da analiz vermişəm. İndiyə kimi hər ay müntəzəm olaraq yoxlanışlara gəlmişəm. Bu zaman həkimin qəbulu 30 manat olub. Hamilə qadınlar bilir, bir müddətdən sonra artıq dopler müayinəsi lazımdır. Bu da 100 manat civarında olub. Lazım olan bir neçə analizə də 70-80 manat vermişəm. Növbəti ayda artıq ana olmağa hazırlaşıram. Hələ ki bir problem olmadığından normal doğuşun olacağını planlşdırmışıq. Təxminən 1000 manat ödəyəcəyəm. Ancaq hər hansı problem yaransa və qeysəriyyə əməliyyatı keçirəsi olsam 1200-1300 manat ödəməli olacam”.
Bakının az-çox məşhur olan klinikalarında hətta təbii yolla uşaq dünyaya gətirmək üçün iri məbləğ ödəmək lazımdır. Paytaxtdakı tibb müəssisələrində mama-ginekoloq xidmətlərinin qiyməti 1000 manatdan başlayır.
Bir sıra özəl tibb müəssislərində doğum paketinə hamiləliyin vəziyyətinə və gedişinə nəzarət də daxildir. Doğum paketi qəbul etməyən qadınlar analizlərə və ültrasəs müayinəsinə görə əlavə pul ödəməlidirlər.
«Caspian International Hospital»dan verilən məlumata görə, bu gün onların xəstəxanasında adi doğuşun qiyməti 1200 manata yaxındır. Qeysəriyyə əməliyyatının qiyməti isə 1500 manatdır. Bu, klinika tərəfindən təyin edilmiş orta qiymətdir. Amma hamiləliyi müşahidə edən və doğuşun ağırlıq dərəcəsini qiymətləndirən həkimin rəyindən asılı olaraq qiymətlər dəyişə bilər. Həmin vəsaiti isə mütləq klinikaya ödəmək lazımdır.
«Baku Medical Plaza» klinikalar şəbəkəsində doğuşun qiyməti 1010 manatdan, qeysəriyyə əməliyyatının qiyməti isə 1210 manatdan başlayır. Bu qiymətə sonuncu analizlər, USM və yeni doğulmuş körpənin üç peyvəndi də daxildir.
Bakıda məşhur olan Leyla Şıxlinskayanın Klinikasında doğumun və qeysəriyyə əməliyyatının qiymətlərini pasientə baxan həkim təyin edir. Burada təbii yolla doğuşun qiyməti 1000 manat, qeysəriyyə isə 1250 manatdır.
Nisbətən ucuz qiymətə xidmət göstərən tibb müəssisəsi Bakıdakı Real Tibb Mərkəzinin Sumqayıtdakı eyniadlı filialıdır. Orada həkimlər təbii doğuşu klinikanın kassasına ödənilən 630 manata qəbul edir. Cərrahi yolla uşağın dünyaya gətirilməsi üçün isə 900 manat tələb edilir. Özəl tibb müəssisələrində hərtərəfli tibbi xidmət göstərilir və pasientlərə diqqətlə yanaşılır. Bu müəssisələrə o qadınlar müraciət edirlər ki, onlar dövlətin perinatal mərkəzlərində özünün və uşağının həyatını təhlükəyə atmaq, lüzumsuz “yaxşı həkim” axtarışına çıxmaq istəmirlər.
Dövlətin doğum evlərində “pulsuz xidmət” mövcuddur. Halbuki orada xəstəxanada olmayan dərman preparatlarına görə pul ödəmək, mama-ginekoloqlara “hörmət etmək” və s. lazım gəlir.
Dövlət xəstəxanasına müraciət edən bir əməkdaşımız orada həkimlə doğuş qiymətində “razılaşmağa” çalışıb. Belə ki, həkimin dediyinə görə normal doğuş üçün azı 700 manat ödəmək lazımdır. Müəyyən cəhdlərdən sonra isə 400 manata “razılaşmağın” mümkün olduğunu deyiblər. Bundan başqa doğuşdan sonra da tibb bacılarına da «hörmət» etmək lazım gələcək.
İcbari tibbi sığorta paketində isə ginekoloji müayinələr və doğuş qiymətləri öz əksini tapıb. Belə ki, təyin olunmuş qiymətlərə görə, hər kəsi daha çox maraqlandıran doğuş qiymətləri də “bazar qiymətləri”ndən geri qalmır. Normal doğuş 300, normal doğuş (çoxdöllü hamiləlik) 400, qeysəriyyə 400, qeysəriyyə (çoxdöllü hamiləlik) 500, Hamiləliyin 14 -20 həftələri arasında düşüklər 210, süni abort 50 manat təyin olunub. Ginekoloqun müayinəsi, üstəgəl ultrasəs müayinəsi (USM) 8 manat məbləğində təyin olunub.
Tibb sığorta qiymətlərinin necə işləyəcəyinə gəldikdə isə onu zamanla baş tutan proseslərdə və əhalinin rəyində daha aydın görəcəyik.(bizimyol.info)
Qaynar.Az