
Adı 300 min manatlıq yeyintidə hallanan Hacı Qurban Abbasov haradadır?
Onu və Baş Mil-Muğan Kollektoru İstismarı İdarəsinin müdiri Bulat Ağabəyovu həbs təhlükəsi gözləyir
Salyanlı iş adamı Hacı Qurban Abbasovun adı mətbuatın gündəmindən düşmək bilmir. Qeyd edək ki, keçən ilin sonlarına kimi bu şəxsi çoxları tanımırdı. Oğluna möhtəşəm toy edərək paytaxtı lərzəyə gətirəndən sonra Qurban Abbasov bir neçə günün içində «məşhur»laşdı. Biznesmenin gündəmə gəlməsinə səbəb toy karvanının yalnız «Mercedes Galenvagen» markalı avtomobillərdən ibarət olması idi.
Həmin vaxtdan etibarən iş adamının səbəb olduğu özbaşınalıqlar barədə məlumatlar səngimir ki, səngimir. Etibarlı mənbələrin verdiyi informasiyalar əsasında Qurban Abbasovun haqqında qəzetimizin son saylarında silsilə məqalələr dərc olunmaqdadır. Təkrarçılıq olmasın deyə həmin bilgiləri bir daha yazmaq istəmirik. Hacı Qurbanla bağlı daha bir iddia ortaya atılıb. «Yeni Müsavat» qəzetinin yazdığına görə, iş adamının adı 300 minlik maxinasiyada keçir. Yayılan məlumata görə, Qurban Abbasov «Meliorasiya və Su Təsərrüfatı» ASC-nin Baş Mil-Muğan Kollektoru İstismarı İdarəsinin müdiri Bulat Ağabəyovla əlbir olaraq dövlət büdcəsindən regionlarımızın ikişafı üçün ayrılmış vəsaitin silinməsi ilə məşğuldur. B.Ağabəyov qalmaqallı iş adamı kimi mətbuatda adı dəfələrlə hallanan Q.Abbasovla sövdələşərək, onun şirkətinə, yəni "İlkin-N" MMC-yə 300 min manat pul ötürüb.
Məlumata görə, sövdələşmədə əsasən təmir işləri adı ilə tikinti materiallarının alınması nəzərdə tutulub. Ən maraqlısı odur ki, Bulat Ağabəyov son 10 ildə Salyan şəhərinin abadlığına ayrılan vəsaitdən iki dəfə çox büdcə pulunu rəhbəri olduğu ana kollektorun təmirinə xərcləyib. Amma nədənsə, onun bu əməllərinə "dur” deyən tapılmır. Həmçinin o da bildirilib ki, idarə müdiri başqa bir müəssisəyə 185 min manat vəsait köçürüb. Etibarlı mənbələrdən aldığımız son məlumatlara görə, çətin vəziyyətlə qarşı-qarşıya qalan iş adamı tez tələsik ölkəni tərk edib: «Hacı Qurbanın çevrəsindəki insanlar onun səhhətindəki problemlə bağlı Türkiyəyə getdiyini deyirlər. Amma o büdcə vəsaitlərini mənimsəməsi ilə bağlı hələ bir müddət əvvəl yayılan məlumatların intensiv şəkil aldığını görərək təcili olaraq ölkəni tərk edib. Buna ölkədən qaçmaq da demək olar.
O, ara sakitləşəndən sonra Azərbaycana qayıtmağı planlaşdırır». Mənbə vurğulayır ki, Korrupsiyaya Qarşı Mübarizə İdarəsi Bulat Ağabəyovla Hacı Qurbanın birgə həyata keçirdikləri mənimsəmə faktlarının araşdırılmasına hazırlaşır: «300 min manatlıq yeyinti iddiasının ortaya çıxması Bulat Ağabəyovun işini xeyli qəlizləşdirib. Vaxtilə Qurban Abbasovla birgə büdcə vəsaitlərini xımır-xımır təyinatdan yayındıran məmur özünü sudan quru çıxarmaq üçün bütün imkanlarını səfərbər edib. Amma bəzi müdafiəçiləri artıq onun arxasından geri çəkiliblər. Çünki məsələ böyüyüb və büdcə vəsaitinin yeyintiyə məruz qalması məsələsi ASC sədri Əhməd Əhmədzadənin də qulağına çatıb.
Cəmiyyət rəhbəri isə qurumun adına söz gətirən Bulat Ağabəyovun cəzalandırılmasının tərəfdarıdır. Yaxın günlərdə Baş Mil-Muğan Kollektoru İstismarı İdarəsində anti-korrupsiya yoxlamalarının aparılacağı gözlənilir. Qurban Abbasov ölkəyə qayıdandan sonra onun da fəaliyyəti araşdırılacaq. 300 min manatlıq yeyinti olayı sübuta yetirilsə, hər iki şəxsin barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlana bilər». Bu arada onu da qeyd edək ki, bir neçə ay əvvəl Hacı Qurban Abbasovun müxtəlif idarələrə məxsus avtobusları müəmmalı olaraq özəlləşdirməsi barədə xəbərlər yayılmışdı. Qeyd olunurdu ki, iş adamı bir neçə il əvvəl Neftçala, Salyan və Şirvan şəhərlərində olan qarajlardakı avtobusları özəlləşdirərək oz şirkətlərinin balansına salıb. Salyan DYP rəhbərliyinin göstərişi ilə Hacı Qurban Abbasova məxsus avtobusların sənədləri yoxlanılıb. Yoxlama zamanı 4 avtobus və iki qaldırıcı kranın sənədləri olmadığı üçün maşınlar Salyan DYP-nin cərimə meydançasına aparılıb.
Məlumata görə, avtomobillərin sənədləri ümümiyyətlə olmayıb və onlar neçə ildir sənədsiz işləyiblər. Lakin həmin vaxt biznesmen kimlərəsə «hörmət» edərək yaranmış problemi həll edib. Əldə etdiyimiz son məlumatlara görə isə, Hacı Qurbana məxsus texnikalar yenidən yoxlanacaq. Bu isə o deməkdir ki, əndazəni aşan iş adamının «vurulması» tapşırığı yuxarılardan gəlib. Ehtimallara görə, salyanlı biznesmen ölkəyə qayıdan kimi aidiyyəti hüquq-mühafizə orqanları onu sorğu-sual edəcək. Sonda Salyan Baş Mil-Muğan Kollektoru İstismarı İdarəsinin müdiri Bulat Ağabəyova demək istəyirik ki, katibə danışsa, heç yaxşı olmayacaq.//gundelik-baku.com
Yazıda adıçəkilən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.