
Tahir Yusifov yerli iş adamı Hacı Qurbanla əlbir olaraq dövlətin külli miqdarda pullarını «yuyublar»
Azərbacanda təbii inhisarlardan biri kimi təqdim olunan və ölkə büdcəsindən hər il milyardlarla manat pul alıb, lakin səmərəli iş ortaya qoya bilməyən qurumların başında Meliorasiya və Su Təsərrüfatı ASC gəlir. Əhməd Əhmədzadənin rəhbəri olduğu bu təşkilat sözün həqiqi mənasında yarıtmaz fəaliyyəti ilə tanınmaqla yanaşı, həm də büdcə pullarını dağıdan əsas qurum kimi ad çıxarıb.
JAM.AZ xəbər verir ki, Meliorasiya və Su Təsərrüfatı ASC-nin təkcə Salyan Suvarma Sistemləri İdarəsində bu ilin ilk yarısında 550 min manatın nəyə və necə xərcləndiyinə dair sual meydana çıxıb. Belə ki, bu qədər vəsaiti tender yolu ilə ayrı-ayrı şirkətlərin adına yazmaqla proseduru icra edən idarənin rəhbəri Tahir Yusifov əslində, dövlət vəsaitini kimlərləsə şərikli şəkildə «yuyub».
Bildirək ki, qeyd olunan 550 min manatın 174870 manatı guya, suvarma kanallarının mexanizmlərlər lildən təmizlənməsinə sərf olunub. Maraqlıdır ki, bu qədər vəsait hansı kanalların lildən təmizlənməsinə sərf olunub, məlum deyil.
Eyni zamanda, bu pulun 44737 manatı isə mexaniki avadanlıqların təmiri üçün ehtiyat hissələrinin satın alınmasına xərclənib. Əvvəla, Salyan Suvarma Sistemləri İdarəsinin sənəd üzərində tabeçiliyində xeyli yeni texnika var ki, onları gördüm deyən olmayıb. Daha doğrusu, idarə müdiri köhnə texnikaları rənglətdirərək, onları yeni adı ilə sənədləşdirib. İkincisi, həmin texnikalar faktiki olaraq ayrı-ayrı adamlara pul müqabilində, özü də qeyri-qanuni şəkildə icarəyə verilib. Onlar xarab olduqda isə təmir edilməsi də icarədarın boynundadır. Belə olan təqdirdə, 44 min manatın aqibəti yəqin ki, aydın olur.
Salyan Suvarma Sistemləri İdarəsinin sənədlərində qeyd olunur ki, büdcədən ayrılmış 45211 manat elektrik avadanlıqlarının təmiri üçün ehtiyat hissələrinin satın alınmasına sərf edilib. Eyni zamanda, elektrik mühərriklərinin əsaslı təmiri işlərinin satın alınmasına da 56760 manat xərcələndiyi qeyd edilir.
Araşdırmalar zamanı üzə çıxan maraqlı faktlardan biri də odur ki, Salyan Suvarma Sistemləri İdarəsinin müdiri Tahir Yusifov bütün tender oyunlarını əsasən bir nəfərlə həyata keçirirmiş. O da adı bir müddət əvvəl qalmaqalda hallanan Salyanlı iş adamı Hacı Qurban Abbasovun şirkətidir. Belə ki, iri tenderlərin əksəriyyətinin «İlkin-N» firması tərəfindən «udulması» heç də təəccüblü görünmür. Çünki Qurban Abbasov Salyanda böyük imkanlara malikdir və sözügedən firma da oğlunun adına yaradılmış «növbətçi» şirkətlərdən biridir.
Qeyd edək ki, Salyan Suvarma Sistemləri İdarəsi Hacı Qurbanın şirkəti ilə birlikdə nasos aqreqatlarının satın alınması adı altında 124090 manat pulu «xərcləyiblər». Həmçinin mexanizmlərin ehtiyat hissələrinin satın alınması adı altında daha 26896 manat silinib. Təmir tikinti işləri üçün tikinti materiallarının satın alınması prosesində isə 92265,5 manatın aqibətindən xəbər belə yoxdur.
Bildirək ki, Salyan Suvarma Sistemləri İdarəsi ilin ilk altı ayı ərzində avtomobil ehtiyat hissələrinin satın alınmasına 24834 manat, dəftərxana ləvazimatları və təsərrüfat mallarının satın alınmasına isə 6678 manat xərclədiyini sənədləşdirib. Hərçənd bu qədər vəsaitin deyilən təyinat üzrə xərcləndiyinə inanmaq bir qədər çətindir.
Yazıda adı keçən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.
Qaynar.info