
Salyanda drenaj sisteminin tikintisinin dayandırılması sakinlərin narazılığına səbəb olub
Qurunt sularının Kür çayına axıdılması üçün tikilən drenaj sisteminə görə mərkəzi yollar qazılıb. Yeraltı borular çəkilsə də, yollar bərbad vəziyyətdədir. Bu barədə Qaynar.info-ya rayon sakinləri məlumat veriblər.
Onlar bildiriblər ki, drenaj sisteminin çəkilməsi müsbət haldır, amma bu bizim işimizə əngəl törətməməlidir: “Ötən ilin əvvəllərində tikintisinə başlanılan drenaj sistemi hələ yekunlaşmayıb. Tikinti ilə bağlı işlər çox ləng aparılır. Tikintiyə görə mərkəzi yollar qazılıb. Borular çəkilsə də, asfalt örtüyü bərbad vəziyyətdədir. Yoldakı boruların üstü açıqdır, heç bir təhlükəsizlik tədbirləri görülməyib. Bu da bizim üçün əngəllər yaradır. Çünki azyaşlı uşaqların küçəyə çıxması olduqca təhlükəlidir. Həmçinin maşınların hərəkətinə maneələr yaradır. Tikinti başlayandan həmin quyulara xeyli maşın düşüb. Yağış yağanda küçələrdə hərəkət etmək müşkül məsələyə çevrilib”.
Sakinlər bildirilər ki, hazırda isə drenaj-la bağlı aparılan tikinti işləri tamamilə dayandırılıb: “Hər şey yarımçıq qalıb. Əziyyəti də biz çəkirik. Bizdə olan məlumata görə, yaxın günlərdə Prezident İlham Əliyevin rayona səfəri planlaşdırılır. Ona görə də rayonda tikilən rayon İcra Hakimiyyətinin inzibati binasının tikintisinə diqqət ayrılıb, işçi qüvvəsi oraya cəlb edilib. Prezidentin səfəri zamanı, yəqin ki, bu küçələri diqqətdən kənarda saxlayacaqlar. Elə olmasaydı, bu küçələri də sahmana salardılar. Ümid edirik ki, bizim narazılığımızı nəzərə alacaqlar”.
Məsələ ilə bağlı adının çəkilməsini istəməyən tikinti icraçılarından biri bildirdi ki, drenaj sisteminin tikintisinin dayandırılması maliyyə çatışmazlığı ilə bağlıdır: “Tikintini davam etdirmək üçün hesaba pul köçürməyiblər. Ona görə də iş dayanıb. Hələ görülən işlərlərin pulu fəhlələrə verilməyib. Bizə deyiblər ki, sentyabrın 15-dən sonra pul ayrılacaq və tikinti davam etdiriləcək. Əhali narazılıq etməkdə haqlıdır. Bu narazılıqlarını rayon rəhbərliyinə bildirməlidirlər”.
Cavid
Qaynar.info

















