Xəbər lenti

Salyanın icra başçısı haqda şok ittihamlar
Ölkə08:08 21.06.2014

Salyanın icra başçısı haqda şok ittihamlar

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Ölkə mətbuatında ayrı-ayrı icra başçılarının rəhbərlik etdiyi rayonlarda özləri və yaxınları üçün geniş imkanlar tanıdığı, biznes şəbəkələrinə sahiblənməsi haqda çox yazılıb.

Bir qayda olaraq yerlərdə prezidentin səlahiyyətli nümayəndəsi kimi dövlət qulluğu ilə məşğul olmalı olan icra başçılarının əksəriyyəti əslində qanunsuz bizneslə məşğuldur.

Salyan rayonundan daxil olan şikayətdə isə adıçəkilən rayonun icra başçısı Tahir Kərimovun da bu baxımdan istisna təşkil etmədiyi vurğulanır. Həmin məlumatlarda Tahir Kərimova qarşı bir sıra ittihamlar irəli sürülür, onun rayonda yüz hektarlarla əkin sahəsini ələ keçirdiyi, Muğanda min hektarlıq ərazidə fermer təsərrüfatı yaratdığı, balıqçılıq təsərrüfatlarından hər hektara görə 350 manat “vergi” tələb etdiyi və sairə bildirilir.

Məlumatda bildirilir ki, icra başçılarının yerli balıqçılıq təsərrüfatlarına qarşı “səlib yürüşü” təşkil etməsinin əsas məqsədi bu gəlirli sektoru inhisarına almaq istəyindən irəli gəlir: “Tahir Kərimov balıqçılıq sektoruna yad hesab olunmamalıdır. O, icra başçısı təyinatından öncə fövqəladə hallar naziri Kamaləddin Heydərova məxsus olduğu deyilən “Caspian-Fish” balıqçılıq təsərrüfatında direktor işləyib. Bunu xatırlatmaqda məqsədimiz Tahir Kərimovun bu işi və işin rentabelli olmasını yaxşı bilməsidir. 

Odur ki, Salyanda fəaliyyət göstərən balıqçılıq təsərrüfatlarına qarşı qanunsuz yoxlamalar təşkil etdirir və min-bir bəhanə ilə həmin təsərrüfatların bağlanmasına nail olmağa çalışır. Bələdiyyələri bu işdə qabağa salan icra başçısı onların əli ilə həmin təsərrüfatların fəaliyyətini iflic etməyə çalışır. Deyirlər ki, guya həmin təsərrüfatlar qanunsuz fəaliyyət göstərir, amma biz həmin təsərrüfatlar necə qanunsuz fəaliyyət göstərir ki, onlar həm bələdiyyələrə, həm də digər dövlət qurumlarına ödəmələrini vaxtlı-vaxtında ödəyirlər? Bütün bunlar sadəcə olaraq icra başçısının təzyiq üsullarıdır”.

Daha bir informasiya da isə iddia olunur ki, Salyan RİH başçısı Tahir Kərimovun rayon ərazisində əvvəllər ayrı-ayrı rayon sakinlərinin istifadəsində olan 500 hektara yaxın ərazini qanunsuz olaraq ələ keçirib. İcra başçısının hazırda həmin ərazilərdə əkinçiliklə məşğul olduğu bildirilir. İcra başçısının eyni zamanda Muğan düzündə hektarlarla ərazidə özü üçün böyük fermer təsərrüfatı yaratdığı, həmin təsərrüfatda minlərlə baş iri və xırda buynuzlu heyvanın saxlandığı bildirilir.

Müraciət edən və bəlli səbəblər üzündən adının açıqlanmasını istəməyən şikayətçilərin sözlərinə görə onlar qarşılaşdıqları haqsızlıqlarla bağlı dəfələrlə müvafiq dövlət orqanlarına şikayət də ünvanlayıblar: “Amma bunların hələ ki heç bir faydası olmayıb. Tahir Kərimov günü bu gün də istədiyin edir. O, çox nüfuzlu bir nazirin adından istifadə edərək, arxasında onun dayandığı görüntüsünü yaradır”.

Sonda bildirək ki, Tahir Kərimovun Bakıda güvəndiyi nazirin adı bizə məlumdur və onun kimliyini növbəti yazılarımızda qeyd edəcəyik.///xalqxeber.az