Vətən uğrunda qan tökmək hər kişiyə nəsib olmaz. 30 il idi ki, işğal altında qalmış torpaqlarımızın azad edilməsi uğrunda qalibiyyətli Vətən müharibəsində döyüş meydanında can verən gənc qəhrəmanımız-Allahverdi Novruzov...
Onun həyat hekayəsini qələmə almaq üçün yağışlı bir gündə dayısı Həbiblə birgə üz tutduq evlərinə.
Anası Məlahət xanım və atası Bəhram kişi ilə üzbəüz oturmuşuq. Matı-qutu qurumuş bu insanlarla danışmaq üçün heç bilmirəm hardan başlayım...
Allahverdi Bəhram oğlu Novruzov 1994-cü ildə Salyan şəhərində anadan olub. Atası Bəhram kişi ustadır, anası Məlahət xanım evdar qadın. Ailədə bir bacı, bir qardaşdırlar. Sadə və zəhmətkeç bir ailədirlər. Allahverdi ibtidai təhsilini yaşadıqları "Plastik” yaşayış massivində yerləşən 9 illlik (həmin vaxt 9-illik, hazırda 11 illik) məktəbdə başa vurduqdan sonra, orta təhsilini 2011-ci ildə Salyan şəhər 2 saylı orta məktəbdə alıb. Həmin ildə də Dənizçilik Akademiyasına qəbul olunub. O, 2017-2018-ci illərdə cəbhə bölgəsinin təmas xəttində, Xocavənddə hərbi xidmət edib. Hərbi xidmət zamanı kəşfiyyatçı bacarığına yiyələnib. Hərbi xidmətini başa vurduqdan sonra işə düzəlmişdi. "Etalon security” MMC özəl mühafizə agentliyinin ARDNIŞ-in "Nərimanovneft” NQÇİ-dəki xidmət qurumunda mühafizəçi işləyirdi. Özünün səmimiliyi ilə iş yerində təmasda olduğu bütün insanların dərin hörmətini qazanmışdı. Məhz mehribanlığına və mərdliyinə görə Allahverdi Salyan rayonunda yaşıdları arasında ən hörmətli gənclərdən biri idi.
Allahverdi bu ilin sentyabrında səfərbərlik elan olunarkən, ayın 21-də yenidən könüllü şəkildə orduya qayıdıb. Elə ilk gündən hərbi təlimlərdə iştirak edib. O, müharibə başlayan ilk gündən Fizuli uğrunda gedən döyüşlərin önündə olub. Lakin xain düşmənin atdığı mərmi yaxınlığına düşdüyündən şəhid olub.
Anası Məlahət xanıma təskinlik vermək üçün sosial şəbəkələrdə adbaad Salyan şəhidlərinə həsr olunmuş ağı ilə müşayiət olunan paylaşmanı ona göstərirəm. Baxır və öz balasından çox həmin gənc şəhid balalara ağlayır. Doğrusu, mən də kövrəlirəm...
Məlahət xanım deyir: "Allahverdi hələ uşaqlıqdan o qədər səliqəli idi ki... Mənim balam əsl kişi idi. Başqasının qız-gəlininə qarşı bilsəniz necə təəssübkeş, qeyrətli idi? Mənə çətindir, çox çətin... amma yeganə təsəllim odur ki, Allahverdi kimi gənclərin qanı bahasına işğal altında olan torpaqlarımız azad edildi, millətimizin namus ləkəsi silindi... Ən böyük arzum isə ibtidai təhsil aldığı, yaşadığımız "Plastik” massivində yerləşən 9 saylı adsız orta məktəbə Allahverdinin adına verilməsidir”.
Bütün söhbətimiz boyu susan şəhidin atası Bəhram kişi isə "təki Vətən sağ olsun”-deyir..
Sonda Allahverdinin valideynləri onun işlədyi mühafizə şirkətinin rəhbərliyinə və işçilərinə diqqət və qayğılarına görə minnətdarlıqlarını çatdırmağımızı xahiş etdilər. Biz şəhidin evinə çatanda, şəhidləri anım günü olduğundan şəhidin əziz xatirəsini uca tutmaq üçün onun valideynlərinə baş çəkməyə gələn şirkət əməkdaşları yenicə getmişdilər...