
"Şamaxı Rəsədxanasının təhlükədə olmasını dəfələrlə bəyan etmişik".
Bunu Şamaxı Astrofizika Rəsədxanasının mühəndisi Akif Soltanov Qaynar.info-ya açıqlamasında bildirib.
Akif Soltanov açıqlamasında qeyd edib ki, uzun müddətdir məsələ ilə bağlı Rəsədxananın elmi şurasında müzakirələr aparılıb, buradakı binaların tikintisinin buraya ziyan vurduğu rəsmi qurumlara bildirilib: "Biz bunu əvvəllər də demişik. Cənab prezident Rəsədxanaya 30 milyon manat vəsait ayırıb. İndi burada villaların, binaların tikilməsi Rəsədxana üçün böyük problemlər yaradır".
A.Soltanovun sözlərinə görə, hazırda Rəsədxananın qarşısında 5 mərtəbəli otel tikilir: "Bu otel Rəsədxana üçün ciddi təhlükələr yaradır. Gecələr müşahidə aparmaq üçün işıqlandırılma sistemi olmamalıdır. Amma həmin binanın güclü işıqları maneə törədir. Hələ bu otel tikilməyə başlayanda Rəsədxana rəhbərliyi iyun ayından bəri dəfələrlə aidiyyatı orqanlara müraciətlər edib. Lakin heç bir nəticəsi olmayıb. Bura hansısa arxalı məmurun obyektidir deyə müraciətimizlə maraqlanan belə olmayıb".
Qaynar.info