Türkiyənin Şanlıurfa vilayətinin Harran qəsəbəsi dünyanın ən qədim yaşayış məskənlərindən biri hesab olunur. UNESCO-nun Dünya Mədəniyyət İrsi müvəqqəti siyahısında yer alan bu yaşayış məskənlərinin tarixi eramızdan əvvəl altıncı min illərə gedib çıxır.
Harranda yaşı 300 ildən artıq olan evlər nəsildən-nəslə ötürülərək bu günə gəlib çıxıb. Suriya sərhəddinə yaxın yerləşən bu bölgə dünyanın ilk elm mərkəzlərindən biri hesab olunur. Dünyada qurulan ilk universitetin burda yerləşdiyi deyilir. Şanlıurfadakı Harran Universiteti də adını burdan alıb. Şimali Mesopotamiyanın ən qədim yaşayış məskənlərindən olan bölgənin əhalisi ərəb əsilli Türkiyə vətəndaşlarıdır. Harran dünyanın hələ də yaşayış olan ən qədim bölgələrindən biridir. Burdakı Harran evləri böyük marağa səbəb olur.
Azərbaycan, Qazaxıstan və Qırğızıstandan olan media nümayəndələrinin Şanlıurfaya təşkil olunan səfəri çərçivəsində Harrana da gəzinti təşkil olunub. Burda turistlərə məlumat verən bələdçi bildirib ki, bu ərazilər tarixən Əməvilər xilafətinin paytaxt şəhəri olub. Harran evlər deyə tanınan bu yaşayış yerlərində tarix qorunub saxlanılıb.
Burada evlərin içərisi bişmiş kərpicdən, xarici isə palçıqdan tikilib. Yerli əhalinin xüsusi geyim formaları da var. Regional libasları turistlərin diqqətini çəkir və burada libasları geyinərək fotolar çəkmək üçün şərait yaradılır. Burada babasının evi olduğunu deyən sakinlərdən birinin sözlərinə görə, ilk İslam Universitetinin qalıqları Harran qəsəbəsində hələ də qalmaqdadır:
"Bu, 300 illik evdir. 12 yaşıma qədər mən bu evdə yaşamışam. 40 il əvvələ qədər bu evlərdə ailələr yaşayırdı. Məlum olduğu kimi, yaşamaq üçün çox məhdud imkanlar səbəbindən insanlar başqa yerlərə köçüblər. Burada elektrik xətləri olmadığından evləri qızdırmaq, yemək bişirmək mümkün olmur. Bu kimi qəsəbələrdən dünyanın yalnız üç ölkəsində - Türkiyədə, Suriyada və İtaliyada var. Bu evlər yayda sərin, qışda isti olur. Evlər içəridən bişmiş kərpiclə hörülüb, üzəri isə palçıqla suvanıb".
Evlərin girişində dəyirmanlar, daşlardan düzəldilmiş qədim fiqurlar və gildən hazırlanmış qablar görmək olar. Evlərin içərisində sərilmiş kilimlər var. İnsanlar onların üzərində otururlar. Eyni zamanda kilimlərin üzərindəki işləmələr də müxtəlifliyi ilə diqqət çəkib.
Harran evlərində insanlar öz şəraitləri üçün hər şeyi hazırlayıb yaşayırmışlar. Buğda üyütmə üçün daşlar, otlaq sahələrdə çalışmaq üçün əmək alətləri var. Lakin təəssüf ki, yaxınlıqda özlərinə yaşayış evləri tikərək qəsəbənin yaxınlığında yaşayan insanlar turizm mövsümündə ərazidən qazandıqları pullarla burada yenilik edə bilmirlər.
Burda yağışlı hava şəraiti burada çox müşahidə edilmir. Lakin zaman-zaman yağış evlərin üstünü yuyur. Buna görə də tarixiliyini qorumaq şərtilə hər il restavrasiya işləri görülür. O dövrdə burada ilk İslam Universiteti tikilib ki, 1265-ci illərdə monqollar tərəfindən bina dağıdılıb. Binanın sadəcə bir hissəsi qalıb.