Lənkəranın mikrorayon ərazisində “Voennoe qorodok” deyilən məhəllə var. Sovet Ordusunun Lənkərandakı hissələrində qulluq edən zabitlərin ailələri üçün tikilmiş beşmərtəbəli binalarda indi həm mülki vətəndaşlar, həm də Azərbaycan Ordusunun zabit ailələri məskunlaşıb. Şəhid zabit, leytenant Qalib Zülfüqarlının valideynləri məhz bu məhəllə də kirayədə qalır.
Kirayə demişkən, Qalib hərbi məktəbə daxil olana qədər daim kirayələrdə yaşayıb. Atası, baş gizir Laim Veysəlov 1982-ci ildən Sovet Ordusu sıralarında xidmətə başlayır və ölkəmizdə müharibə başlayanda Laim dayı Azərbaycan Ordusunun sıralarında xidmətini davam etdirir. Ağcabədi, Beyləqan, Murovdağ, Tovuz bölgələrində torpaqlarımızın keşiyində durur. Ailənin ilk övladı Qalib də 1992-ci ilin soyuq dekabr ayının 20-də, müharibənin ən qızğın dövründə dünyaya gəlir. Ondan sonra Qalib gözünü açanı, ağlı dərk edəni hərbi hissə, hərbi libas görür.
Laim dayı atəşkəs dövründə gənc ailəsini yanına gətirir və xidmət etdiyi hərbi hissələr üzrə gənc ailənin ilk övladı Qalib də beləcə özü də bilmədən sanki hərbi xidmətə başlayır. Belə şəraitdə zabit olmağa həvəs başadüşüləndir və Qalib Tovuzda orta məkəbin ilk sinifinə qədəm qoyduğu gündən artıq zabit olmağı qarşısına məqsəd qoymuşdu. İllər keçir Laim dayı Silahlı Qüvvələrimizin sıralarından tərxis olunub Lənkərana qayıdır.
Tale yenə onları hərbi şəhərciyə gətirir ki, burada kirayə mənzilə sığınan ailədə artıq Qalibin kiçik qardaşı Qabil də vardı. Hər iki qardaş təhsilləri ilə yanaşı tərbiyələri ilə oxuduqları Lənkəran şəhər 7 saylı orta məktəbin ən nümunəvi şagirdləri olurlar. Qalib təhsilini başa vuran kimi arzusunun dalıyca, zabit olmaq üçün sənədlərini 2010-ci ildə Heydər Əliyev adına Ali Hərbi Məktəbə təqdim edir. Bu zaman qardaşı Qabil hələ orta məktəb təhsilini davam etdirirdi. İmtahanlardan yüksək qiymətlər alan Qalib ən böyük arzusuna çataraq müdavim olur. 5 illik hərbi təhsil müddətində Qalib Zülfüqarlı hərbçi oğlu olduğunu, uşaqlıqdan bu sənəti nə qədər sevdiyini təhsilində və intizamında göstərdiyi nümunəvi xidmətlə isbatlayır. 2014-cü ildə leytenant rütbəsi alanda gənc leytenantın tez tez zümzümə etdiyi mahnı “ Cənab leytenant” mahnısı idi. Qalib bu mahnını çox sevirdi.
Təyinatını döyüş bölgəsinə, Qazax rayonunda yerləşən hərbi hissəyə verirlər. Ucaboylu, şuxqamətli gənc zabiti üç ay sonra hərbi hissənin yerləşdiyi ərazidə ən çətin post sayılan “ Sarıtəpə”yə tağım komandiri göndərirlər. Bu elə post idi ki, azacıq diqqətsizlik daha əlverişli mövqedə olan düşmənin snayperinə tuş gəlmək demək idi. Qısamüddətdə Qalib yerləşdikləri postda dəmir intizam yaradır və posta yaxın ərazidə yaşayan yerli əhali ilə ünsiyyətə girib onların düşmən güllələrinə tuş gəlməməsi üçün həlli vacib məsələləri yoluna qoyur, post möhkəmlənidirilir, istehkam qurğuları daha da qüvvətləndirilir. Məsafə yaxın olduğundan düşmən tərəfi də bu dəyişikliyi rahatca sezə bilir. Gənc leytenantı erməni nişangahı izləməyə başlayır və iki dəfə erməni snayperindən son anda qurtulur. Artıq çətin xidmət ərazisində hər anın ölümə, qəhrəmanlığa yaxın olduğunu Qalib də hiss edirdi. Ona görə yenicə üzük taxdıqları nişanlısına bir az üstüörtülü, sevgilisini qorxutmadan hər şeyə hazır olmağı tapşırırdı.
Təsadüfi deyil ki, Qalibin ölümündən sonra nişanlısına yazdığı “ Mənə çox bağlanma, bu yolun tozu-torpağı, üstü barıt qoxuyan libası, şəhidlik zirvəsi var sevgilim” cümləsi “Aprel müharibəsi”ndən sonra sosial şəbəkələrdə uzun müddət acı ilə geniş şəkildə müzakirə olundu. Martın sonlarında ermənilər daha da aktivləşib postlarımızı müntəzəm atəşə tutmağa başladılar. Son günlər Qalib gözünü kiçik fasilələrlə qırpıb yuxusuz gecələrlə bütün diqqətini qoruduqları postun müdafiəsinə sərf etmişdi. Bir an diqqətsiz olmaq, yuxulamaq olmazdı. Əsgərləri komandirlərini, o cəsur,əsgərini canından çox sevən lənkəranlı balasına elə bağlanmışdılar ki... Çünki, Qalib bəzən əsgərinin getməli olduğu yerə belə özü gedib onları qoruyurdu. “ Mən zabitəm, necə davranmalı olduğunu sizdən yaxşı bilirəm. Belə postlarda xidmət öz yerində amma həm də biz qardaşıq” kəlməsi onun tez tez istifadə etdiyi cümlə idi.
Martın 27-də ermənilər çoxdan bəri pusqusunda durduqları Qalibi bu dəfə rahat döyüş meydanına çəkməyi bacardı. Yenə erməni xisləti ilə... Postda olan əsgərinin yaralandığını görən leytenant Qalib Zülfüqarlı ölümün və ermənilərin gözünə dik baxaraq çəkinmədən açıq əraziyə çıxır və yaralanmış əsgərini döyüş meydanından çıxarır. Yoxsa yaralanmış əsgəri qanaxmadan ölə bilərdi. Ancaq əsgərini daşıdığı üçün silahını lazımı kimi istifadə edə bilməyəciyini anlayan ermənilər bu dəfə ardıcıl Qalibin üzərinə güllələr yağdırır. İki güllə yarası alan Qalibin həyatını xilas etmək olmasa da Qalib canı bahasına əsgərini xilas edə bilir. Hərbçi ailəsində başlayan ömür şərəfli peşədə, hərbi libasda başa çatır. Çox yox, cəmi 4 gün sonra onunla birgə Ali Hərbi Məktəbdə təhsil alan dostları, zabit yoldaşları Lələtəpə və ona birləşmiş ərazilərdə Qalibin qisasını uğurlu əməliyyatları ilə alırlar. Ölümündən sonra şəhid zabitə “Hərbi xidmətdə fərqlənməyə görə 3-cü dərəcəli medal”ı verilir və medal qardaşı Qabilə təqdim olunur. Rahat yat, şəhidim! ("Ədalət" qəzeti)
Qaynarinfo.Az