Ölkə 12:38 06.09.2022

Satışa çıxarılan tarixi hamamla bağlı rəsmi açıqlama: "Müdaxilə hüququmuz yoxdur”

Şamaxıda "Köhnə hamam” abidə qismində dövlət qeydiyyatına alınmayıb.
 
Bunu Qaynarinfo-ya açıqlamasında Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin beynəlxalq və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nuridə Allahyarova deyib. 

Onun sözlərinə görə, Nazirlər Kabinetinin 132 saylı qərarına uyğun olaraq dövlət tərəfindən mühafizə olunan rəsmi abidə statusu alan tikililər var:

"Köhnə hamam” həmin siyahıya aid deyil. Bizdə mühafizə tədbirlərini həmin siyahı ilə həyata keçiririk. Abidə olmayan, amma tarixi qədim olan tikili ilə bağlı bizim hər hansı təmir, bərpa işləri, xüsusi mülkiyyətçiyə müdaxilə hüququmuz yoxdur”. 

Qeyd edək ki, Şamaxıda "Köhnə hamam” kimi tanınan tarixi abidə satışa çıxarılıb. 
 
Şamaxıda "Köhnə hamam” kimi tanınan abidə satışa çıxarılıb. Bu barədə sosial şəbəkədə Lətafət Məlikova məlumat yayıb. Onun sözlərinə görə, "Köhnə hamam” kimi tanınan abidə dağılmaq üzrədir: "Hər daşında tarix yatan hamamın qapısının üstünə "satılır" sözü də yazılıb. Kim satır bu hamamı? İllərdi qapısına qıfıl vurulub. Şamaxı rayon İcra Hakimiyyəti və Mədəniyyət Nazirliyi bu hamam-abidənin məhv olmasına seyirçi münasibət bəsləyir. Hamamın ərazisi qonşular tərəfədindən zəbt edilib, daşları sökülüb. Üstündə bir lövhə belə yoxdur, sadəcə pəncərələri qalıb. Tarixi qapısı sökülüb”. 
 
Şamaxı rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Mehriban Eyubova Qaynarinfo-ya açıqlamasında məsələdən xəbərsiz olduqlarını bildirib: "Çox sağ olun ki, məlumat verdiniz. Məsələni araşdırıb məlumat verərik”.

Bahar Rüstəmli