Ölkə 18:02 18.11.2022

"Sədərək"də sahibkara xəsarət yetirib, 30 min manatı götürüb qaçan şəxs tutuldu

Sədərək Ticarət Mərkəzində sahibkara xəsarət yetirib, 30 min manat pulu götürərək qaçan şəxs tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Qaynarinfo-ya verilən xəbərə görə, polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində paytaxtın Qardağ rayonunda yerləşən ticarət mərkəzində ("Sədərək”) quldurluq əməli törətməkdə şübhəli bilinən 1991-ci il təvəllüdlü Elnur Əmənov saxlanılaraq istintaqa təhvil verilib.

Qeyd edək ki, hadisə noyabrın 11-də qeydə alınıb. Belə ki, naməlum şəxs ticarət mərkəzində sahibkar kimi fəaliyyət göstərən Ağayev Şakir Fərhad oğlunun işlətdiyi mağazaya daxil olaraq dəmir alətlə onun baş nahiyəsinə xəsarət yetirib. Daha sonra həmin şəxs mağazadan 30 000 manat məbləğində pul vəsaitini ələ keçirməklə hadisə yerindən qaçaraq uzaqlaşıb.

Şakir Ağayev uzun müddətdir biznes fəaliyyəti ilə məşğuldur. O, 2021-ci ildə dekabr ayı üzrə koronavirus pandemiyasından zərər çəkdiyinə görə muzdlu işçilərinə əmək haqqının müəyyən hissəsinin ödənilməsi üçün dövlətdən maliyyə dəstəyi almış vergi ödəyicilərinin siyahısında da yer alır. 

Şakir Ağayevin Xəzər rayonu, Binə qəsəbəsində ümumi sahəsi 700 kv.metr olan 2 mərtəbəli ticarət obyekti də var.