Ölkə 11:02 12.12.2023

Sədrdən Xankəndiyə imam təyinatı ilə bağlı açıqlama

Dini kadrların hazırlanması üçün kollecə ehtiyac var idi. Bu təhsil dövlət hesabınadır.

Trend-in məlumatına görə, bunu Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, bütün xərcləri dövlət ödəyir.

"Bakı İlahiyyat Kolleci hər il ən çox 20 tələbə qəbul edəcək. Ölkəmizdə din sahəsində kadr hazırlığımızı özümüz keçirmək niyyətindəyik. Öz siyasətimizi, dövlət modelimizi nəzərə alaraq, islami dəyərlərimizi xalqımıza çatdırırıq. İşğaldan azad edilən ərazilərdə dini abidələr bərpa olunub. Bu yaxınlarda Şuşaya imam təyin etdik. Digər məscidlərdə təmir bitdikdən sonra həmin ərazilərə müvafiq qurumların müraciəti ilə din xadimləri təyin ediləcək. Xankəndidə məscidə din xadimi təyinatı ilə bağlı məsələyə baxılır", - deyə o əlavə edib.

Qeyd edək ki, dekabrın 12-si Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anım günüdür. Dövlət və hökumət rəsmiləri, hərbi qulluqçular, hüquq-mühafizə orqanlarının əməkdaşları, diplomatik korpusun nümayəndələri Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edərək abidəsi önünə gül dəstələri qoyub, müasir müstəqil Azərbaycanın banisi və qurucusu Ulu Öndərin xatirəsinə dərin ehtiramlarını bildiriblər.

Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə gül dəstələri qoyulub.