Xəbər lenti

Səfirin döydüyü deyilən diplomatın fəaliyyətinə xitam verildi
Ölkə 15:18 28.01.2025

Səfirin döydüyü deyilən diplomatın fəaliyyətinə xitam verildi

Azərbaycanın Yunanıstandakı Səfirliyinin birinci katibinin diplomatik fəaliyyətinə xitam verilib.

Bu barədə Qaynarinfo-ya Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib.

Bildirilib ki, Rəhman Şahhüseynli adlı əməkdaş həqiqətən də, Azərbaycan Respublikasının Yunanıstandakı Səfirliyində birinci katib vəzifəsində çalışıb.

R.Şahhüseynlinin bu vəzifədə çalışdığı müddətdə diplomatik xidmətə zidd olan bir sıra əməlləri ilə bağlı Xarici İşlər Nazirliyinə daxil olan məlumat əsasında XİN tərəfindən müvafiq xidməti araşdırmalar aparılıb.

Bir neçə ay ərzində, Rəhman Şahhüseynlidən və digər şəxslərdən izahat alınmaqla aparılmış araşdırma zamanı məlum olub ki, R.Şahhüseynli diplomatik xidmət orqanlarının əməkdaşına uyğun olmayan əməllər törədib. Bununla yanaşı, R.Şahhüseynlinin şikayətində qeyd etdiyi kimi, onun səfir və digər bir əməkdaş tərəfindən fiziki təzyiqə məruz qaldığı barədə iddialar həqiqəti əks etdirmir.

Aparılmış araşdırma və sübut edilmiş faktlar əsasında sözügedən əməkdaş 2024-cü ilin sentyabr ayında səfirlikdən geri çağırılıb və diplomatik xidmətdə fəaliyyətinə xitam verilib.

Həmçinin qurumdan bildirilib ki, R.Şahhüseynlinin XİN-in mərkəzi aparatında çalışdığı müddətdə də bəzi xətalara yol verib və nəticədə ona 2021-ci ilin noyabr ayında töhmət verilib.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->