
“Əgər belə bir qərar verilibsə, demək, səbəbsiz deyil”
Xəbər verildiyi kimi, “Ayna-Zerkalo” qəzetinin Türkiyə təmsilçisi, siyasi şərhçi Rauf Mirqədirovun Türkiyədən deportasiya edilməsi barədə qərar çıxarılıb.
Türkiyədə yaşayan azərbaycanlı jurnalist Şeyda Nəsibli onun saxlanması ilə bağlı bəzi məlumatları paylaşıb. Modern.az xəbər verir ki, jurnalistin yoldaşı Rauf Mirqədirovun Türkiyədə akkreditə kartının bitməsinə hələ 6 ay vaxt olduğunu bildirib. Heç bir səbəb göstərilmədən təmsilçilyi ləğv edilib. “Mirqədirov turist vizası almaq üçün Gürcüstana gedib-qayıtmaq istəyirmiş. Amma dünən gecə avtobusdan düşürülüb və polisə aparılıb. O, ölkədən deportasiya olunacaq. Böyük qızı Türkiyədə məktəbə gedir. Həyat yoldaşının da akkreditəsi ləğv edilib. Amma deportasiya qaydaları həyat yoldaşına şamil olunmayacaq”,-deyə Ş.Nəsibli yazıb.
XİN-in mətbuat katibi Elman Abdullayev bildirdi ki, R.Mirqədirovun akkreditasiyası dayandırılıbsa, bu, həmin ölkənin səlahiyyətidir: “Hər bir ölkənin özünün müstəqil akkreditasiya siyasəti var”.
Məsələ ilə bağlı araşdırma apararkən Türkiyənin Azərbaycandakı səfiri Alper Coşqunla əlaqə saxlayıb jurnalistlə bağlı baş redaktor Elçin Şıxlının səfirliyə ünvanladığı sorğusuna münasibət öyrənmək istədik. Səfir dedi ki, o, hazırda Türkiyədə olduğundan bu məsələdən xəbərsizdir: “Əgər belə bir qərar verilibsə, demək, səbəbsiz deyil. Mənim bu barədə bir söz deməyim düzgün olmaz”.Azərbaycanın İstanbuldakı konsulu Həsən Zeynalov bildirdi ki, bu barədə ancaq mətbuatdan oxuyub və detallı məlumatı yoxdur.
Azərbaycan Türkiyədəki səfiri Faiq Bağırov dedi ki, bununla bağlı mətbuat katibinə müraciət etmək lazımdır. Səfirliyin mətbuat katibi Elsevər Salmanov bildirdi ki, R.Mirqədirovun deportasiyasının Azərbaycanla bağlılığı yoxdur: “Bu, Türkiyə tərəfinin qərarıdır”. Mətbuat katibi səfirliyin Türkiyə XİN-ə sorğu göndərmədiyini vurğuladı: “Türkiyənin suveren hüququdur ki, öz ərazisində istənilən jurnalistin çalışmasına izn verməsin və bunun da səbəbini açıqlamaq məcburiyyətində deyil”. R.Mirqədirovun vəkillə təmin olunub-olunmadığına gəldikdə, mətbuat katibi “bu haqda bizdə məlumat yoxdur” deməklə kifayətləndi. Əlavə etdi ki, akkreditasiyası ləğv edilən jurnalist yaxın zamanda ölkəni tərk etməlidir.
Son anda yayılan məlumata görə, artıq R.Mirqədirov təyyarəyə mindirilib və bir müddət sonra Bakıya yola salınacaq.
Qaynar.info