"Cinayət Məcəlləsinə ən tez bir zamanda müvafiq əlavələr edilməlidir”.
Qaynarinfo xəbər verir ki, bunu Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn sosial şəbəkələrdə şəhid Xudayar Yusifzadə haqda ironik paylaşım edən vətəndaş Fuad Rəsulzadənin hərəkəti və onun bir neçə şəxs tərəfindən döyülməsi ilə bağlı videodan danışarkən deyib. Sədr Vətən Müharibəsi şəhidlərinə dil uzadanları nüfrətlə qınadığını bildirib:
"Şəhidlərə təhqir, hörmətsizlik hərəkətləri qatı xuliqanlıq kimi dəyərləndirilməlidir”.
Hüquq müdafiəçisi İlqar Altay hesab edir ki, burada təhqirə bu cür sərt reaksiyanın səbəbi qanunlarımızda cəzanın yüngül olmasıdır:
"Əmin olaq ki, qanunlar, şəhidi təhqir və böhtana qarşı həbs və yüksək cəza nəzərdə tutsaydı və hüquq mühafizə orqanları da operativ, dərhal təhqirçini tapıb həbs etsəydi, yaxud xalq həbs ediləcəyini bilsəydi, bu təhqirçiyə bü fiziki reaksiya olmazdı. Nə edilməli?
Şəxsi fikır və qənaətim belədir ki:
1. Alimlər, ədəbiyyatçılarımız və sairə, aidiyyatlı mütəxəssislərimiz Milli Mənafe məfhumunu və ona daxil olan vətən, xalq, dövlət, bayraq, şəhid və s. kimi dəyərlərin mənasını işləyib hazırlasın.
2. Milli Mənafe vacib vətən atributu kimi, bizim Konstitusiyamızda təsbit olunsun.
3. Bu əsaslarda da, Cinayət Məcəlləsi və başqa qanunlarımızda həmin dəyərlərə təhqir, böhtan, aşağılama, ələsalma, hörmətsizlik və s. kimi bir sıra əməllər sərt cəzalı olaraq nəzərdə tutulsun.
4. Ümumiyyətlə, bizdə, Milli Mənafe qorunması fövqəl, həyati vacibliyi əsasında ayrıca, "Vətənə xəyanət" ("Dövlətə xəyanət"dən başqa) və "Milli Mənafeyə xəyanət" tərkibli əməllər və onlara da müvafiq cəzalar nəzərdə tutulsa, bizim vahid bir vətən, xalq və dövlət olaraq güc-möhkəmliyimiz üçün tətbiq olunan çox mühüm amil ola bilərdi.
Ümid edək ki, şəhidi təhqir edənə qanunlar üzrə yüngül cəza nəzərdə tutulduğu kimi, o şəxsi də fiziki cəzalandıranlar, etdiklərinin motivi nəzərə alınıb, yüngül cəza alarlar, tam, adekvat olaraq”.
Qeyd edək ki, Tvitterdə "Əhməd” adlı hesabdan Vətən Müharibəsi şəhidi Xudayar Yusifzadənin haqqında "Xudayar çoxdandı təzə mahnı buraxmır” deyə ironik paylaşım edilib. Daha sonra həmin profilin Fuad Rəsulzadəyə aid olduğu məlum olub.
Ondan sonra sosial şəbəkələrdə Fuad Rəsulzadənin bir necə şəxs tərəfindən döyülməsini əks etdirən video yayılıb.
DİN-dən verilən məlumata görə, bununla bağlı cinayət işi başlanılıb və həyata keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində hadisəni törədən şəxslər müəyyən olunub.
Onlar şəhid Xudayar Yusifzadənin qardaşı, dayısı və xalası oğludur. Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.
Bahar Rüstəmli