
Bu ilin əvvəlindən və bu günə qədər Kliniki Tibb Mərkəzinin təkrar infeksiya şöbəsinə yeyinti məhsullarından zəhərlənmə ilə bağlı 92 müraciət edilib. "Report"un verdiyi məlumata görə, bu haqda şöbə müdiri, Bakının baş infeksionisti Gülnarə Babayevə məlumat verib.
O qeyd edib ki, yeyinti məhsullarından zəhərlənmə əsasən soyuduca saxlanan məhsullardan, mayonezli salatlardan və qarpızlardan istifadə edərkən baş verir: "Kəskin mədə-bağırsaq, yoğun bağırsaq xəstəlikləri ilə bağlı 724 nəfər nəfər müraciət edib. Botulizmlə bağlı 13 nəfər müraciət edib".
Gülnarə Babayeva insanlara evdə hazırlanmış konservləşdirilmiş məhsullardan uzaq durmağa çağırıb: "Botulizmdən qorumaq üçün ev şəraitində konservləşdirilmiş məhsullarsan istifadə etməsinlər. Marketlərdə kompot və turşular satılır, onlardan istifadə olunsa yaxşı olar. Həm də onlar mütəmadi olaraq gigiyena və epidemiologiya nəzarətində olurlar".
Doğurdanmı mağazalarda satılan kompot və şorabalar mütamadi olaraq gigienik və epidimoloji yoxlamadan keçirlər?
Bu suala cavab almaq üçün Səhiyyə Nazirliyi Gigiyena və Epidemiologiya Mərkəzinin Sanitar-gigiyenik şöbəsinin müdiri Ziyəddin Kazımova müraciət etdik.
"İki ildir biz heç bir yoxlama aparmırıq. Biz dəfələrlə demişik ki, ev şəraitində konservləşdirilmiş məhsullar bütün zəhərlənmələrin səbəbləridir" deyə Ziyəddin Kazımov "Qaynarinfo"ya açıqlamasında bildirdi.
"Mağazalarda satılan kpmpot və şorabalar mütamadi olaraq gigienik və epidimoloji yoxlamadan keçirlər" sualımıza nairlik rəsmisinin cavabı belə oldu: "Yox, bu konservləşdirilmiş məhsulların mənbəyi bilinmir, onları müşaiyyət edən heç bir sənəd yoxdur".
Şöbə müdirinin dediklərinə görə, yoxlamalar yaslnız özəl sektorda çalışan sahibkarlar istehsal etdiyi məhsullara görə illik gigenik sertifikat üçün müraciət etdikdə aparılır.
Məsələ ilə bağlı müraciət etdiyimiz Azad İstehlakçılar Birliyinin sədri Eyub Hüseynov gigienik sertifikatın ildə bir dəfə verilməsinin əleyhinə olduğunu bildirdi:
"Gigienik sertifikat ildə bir dəfə bütün məhsullara verilir. Biz gigienik sertifikatın ildə bir dəfə deyil, hər tərəfli ekspertizanın keçirilməsindən sonra məhsulun hər partiyası üçün verilməsinin tərəfdarıyıq".
Rəşad Rüstəmov
Qaynarinfo.Az