Xəbər lenti

Səlim Müslümovun atası xəstəxanaya yerləşdirildi
Ölkə10:34 10.03.2021

Səlim Müslümovun atası xəstəxanaya yerləşdirildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Hazırda həbsdə olan sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun atası Yanvar Müslümov xəstəxanaya yerləşdirilib.
Bu barədə Modern.az-a Y.Müslümov özü məlumat verib. Sabiq nazirin atası böyrəklərində problem yarandığını, xəstəxanaya bir müddət əvvəl yerləşdirildiyini deyib:
"Müalicə alıram, yaşlı adamam, böyrəklərimdə problem var. Amma şükür ki, koronavirusa yoluxmamışam”.
Oğlu ilə bağlı danışmamaqda israrlı olan ata, sadəcə "Səlim yaxşıdır, başqa məlumatım yoxdur” deməklə kifayətlənib.
Hüquq-mühafizə orqanlarından da Səlim Müslümovun işilə bağlı hansı yeniliyin olduğu barədə məlumat verilməyib.
Qeyd edək ki, Dövlət Təhülkəsizliyi Xidmətinin (DTX) yaydığı məlumata görə, Səlim Müslümov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü maddələri (təkrar külli miqdarda rüşvət alma) ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Səlim Müslümov 1995-ci ildən bəri yüksək vəzifələr tutub. Belə ki, o, 1995-ci ilin iyulundan 2000-ci ilin martınadək Maliyyə Nazirliyində idarə rəisi vəzifəsində çalışıb. 2000-ci ilin martında Dövlət Gömrük Komitəsinin sədr müavini təyin edilib. 2002-ci ilin 17 dekabrında Dövlət Sosial Müdafiə Fondunun sədri vəzifəsinə gətirilib. 2013-cü ildən 2018-ci ilin 21 aprelinə kimi isə əmək və əhalinin sosial müdafiəsi naziri işləyib. 2018-ci ilin sentyarında Milli Aviasiya Akademiyasının Dünya iqtisadiyyatı kafedrasında müdir vəzifəsinə təyin olunub. İqtisad elmləri doktoru, professordur.