Xəbər lenti

Səməd Seyidov irlandiyalı deputatdan şikayət etdi
Ölkə08:26 26.06.2014

Səməd Seyidov irlandiyalı deputatdan şikayət etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Avropa Şurasının Parlament Assambleyasında (AŞPA) keçirilən İnsan haqları Komitəsinin iclasında "Azərbaycanda insan haqları" üzrə məruzəçi Pedro Agramunt seçilib. 

Bununla bağlı məlumatı BBC Azərbaycancaya yeni məruzəçinin təyin olunması ilə bağlı təşəbbüsü qaldıran deputat Maykl Maknamara verib.

"O, mənim irəli sürdüyüm namizəd olmasa da, ona uğurlar arzulayıram", cənab McNamara deyib. "Bu, Parlament Assambleyasına etimadı artırmaqda böyük rol oynayacaq". 

Məlumata görə cənab Agramuntun vəzifəsi Azərbaycanda insan haqları və "xüsusilə siyasi məhbuslar məsələsini" məruzə etmək olacaq.

İspaniyalı deputat Pedro Agramunt hazıra Azərbaycanın öhdəliklərini yerinə yetirilməsilə bağlı həmməruzəçilərdən biridir.

Bundan əvvəl Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin sədri Səməd Seyidov Azərbaycanda insan haqları narahtlıqlarını qaldıran Maykl Maknamara ilə bağlı Büroya şikayət məktubu göndərdiyini bildirib, BBC Azərbaycancanın Strasbourgdakı müxbiri Leyla Nəcəfli xəbər verir.

İrlandiyalı deputat Maykl Maknamara bazar ertəsi keçirilən sessiyada Azərbaycanda iddia olunan insan haqları pozuntuları ilə bağlı yeni məruzəçinin təyin edilməsi ilə bağlı hərəkətə çağırış sənədi təqdim etmişdi.

“Cənab Maknamaranın sənədi gizli təqdim etməsi, Avropa Şurası ilə Azərbaycan arasında münasibətləri gərginləşdirmək məqsədini daşıyır”, cənab Seyidov BBC Azərbaycancaya deyib. “Əminəm ki, Avropa Şurası öz obyektiv münasibətini bildirəcək”.

AŞ Baş katibi Thorbjorn Jaglandın sözçüsünün verdiyi məlumata görə, çərşənbə axşamı Prezident İlham Əliyev baş katiblə görüş zamanı Maykl Maknamara qaldırdığı təşəbbüslə bağlı narazılığını bildirmişdi.

Virtualaz.org saytının xəbərinə görə, ötən sessiyada Maykl Maknamara Azərbaycanda insan haqları üzrə məruzəçinin təyin edilməsi təklifi ilə bağlı AŞ PA-ya sənəd ünvanlamışdı.

“Adətən insan haqları barədə sənədlər hüquqi məsələlər komitəsinə göndərilir. Amma nəyə görəsə Büro onu monitorinq komitəsinə yönəltdi və məruzəçi təyin etməmək qərarına gəldi. Mən bununla razılaşmadım və məsələni səsverməyə qoydum. Səsvermədə müvəffəq oldum və məruzəçinin seçilməsi məsələsi hüquqi məsələlər üzrə komitəyə yönəldildi”, - deyə irlandiyalı deputat bildirib.

Səməd Seyidovun verdiyi məlumata görə isə  Azərbaycan nümayəndə heyətinin şikayəti, təşəbbüsün prosedur qaydalarına riayət etməməsi ilə bağlı olub: “İclasda saat 13:04-də o deyib ki, yox, razı deyiləm - iclas isə 13:00-da qurtarır. Maknamaranı dəstəkləyən, rəhbərlikdə olan bəzi insanlar bunu səsverməyə veririlər. Bu, prosedur qaydaları ilə oyundur”.

Azərbaycan Avropa Şurasına mayın 14-dən sədrlik edir. Bu həftə Azərbaycanın sədrliyi altında ilk parlament sessiyası keçirilir.