Xəbər lenti

Sən öyrətdin, sən bizə...
Amal Abuşov
İdman 11:49 03.08.2023

Sən öyrətdin, sən bizə...

Mən Qurban Qurbanovu mətbuat konfranslarında çox görmüşəm. Fransada "Sent Etyen”lə bərabərə qalan, Salonikidə güclü PAOK-u məğlub edən, Poltavada "Vorskla”nı xalsız qoyan, Romanın məşhur Olimpiya Stadionunda yerli komanda ilə başabaş oynayıb minimal hesabla uduzan "Qarabağ”ın baş məşqçisinin məğrur obrazı gözümün önündədir. Xatirələrimi qurdaladıqca o günlər gözümün önünə gəlir, həmin tarixi anların canlı şahidi olduğum üçün xəfif bir qürur hissi keçirirəm.

Elə Bakıdakı mətbuat konfranslarında da unudulmaz anlar çox yaşanıb. Həmkarlarım bir çox tarixi uğurlardan sonra peşə məsuliyyətinin tələblərini bir kənara qoyub, konfransın keçirildiyi zala daxil olan Qurbanovu ayaqüstə alqışlayıblar. Adam bu alqışları haqq edib, dişiylə-dırnağıyla qazanıb. Onun çalışdırdığı "Qarabağ” Azərbaycanda milyonların sevgisini qazanıb, futbolunun imici yerlərdə sürünən bir ölkəni qitənin ən nüfuzlu futbol meydanlarında yüksək səviyyədə təmsil edib. Bakıya "Çelsi”, "Atletiko”, "Roma”, "Arsenal” kimi nüfuzlu klublar təşrif buyurub. Hansısa şou xarakterli oyuna, yaxud da xeyriyyə matçına yox. Rəsmi avrokubok qarşılaşmasına. Bizi sevməyənlər də baxıb, içəridə qan ağlayıblar. Qəzəbləri, nifrətləri o səviyyəyə çatıb ki, "Qarabağ”ın az qala hər avrokubok oyununda bir təxribata əl atıblar, əski parçasını dronun ayağına bağlayıb stadionun üzərindən uçarmağa da çəkinməyiblər. Amma "Qarabağ”ın uğurları onların başına cəbhədəki "Bayraqdar”ın endirdiyi bombalar kimi kül ələyib.

Dünənki mətbuat konfransında isə tam başqa bir Qurban Qurbanov var idi. Onu alqışlamırdılar. Başqa vaxt olsaydı, Azərbaycan komandasının Polşanın son çemionuna uduzmamasına görə sevinərdik. Rəqib meydanda "Qarabağ”ın qarşısından faktiki olaraq qaçırdı. Yerdə uzanmağa, vaxtı öldürməyə çalışırdı. Yəni, soyuq başla "Qarabağ”ın "Rakuv”a qarşı keçirdiyi iki oyunu analiz edəndə bizimkilərin rəqibdən açıq-aşkar geri qalmadığını istənilən obyektiv göz görər. Bəli, cütün taleyini fərdi keyfiyyətlər, daha doğrusu keyfiyyətsizlər həll etdi. Həlledici məqamda qapıçı səhvləri, bitirici hücumçunun olmaması "Qarabağ”ın iki oyunun nəticəsinə görə məğlubiyyətini şərtləndirdi. Bütün bunları bizim bildiyimiz kimi, Qurban Qurbanov da bilir. Özü də hamımızdan daha yaxşı. Di gəl ki, Qurbanov o məşqçilərdən deyil ki, çıxıb mətbuat konfransında "bizi filankəsin səhvi uduzdurdu” desin.

"Qarabağ” bizi dünyanın xoşbəxti edən qələbələri kollektiv şəkildə qazandığı kimi, dünənki acı nəticəni də komanda olaraq bizə yaşatdı. Bacarmadıq. Şansını daha yaxşı dəyərləndirən, qapısını daha yaxşı qoruyan, bir sözlə, daha çox layiq olan Çempionlar Liqasında yoluna davam edəcək. Bizimsə taleyimizə Avropa Liqasının qrup mərhələsinə ümid etmək yazılıbmış. Dünyanın sonudumu? Xeyr! Guya ki, Azərbaycan millisi daim seçmə mərhələlərin favoritidi, futbolçularımız qitənin dörd bir yanına yayılıb, digər klublarımız qrupların qapısını hər mövsümdə vurub-dağıdır... Bəli, bu problemlər həmişə bizimlə olub, utanc yerimiz sayılıb. Xarabalığı xatırladan futbolumuzun içində yeganə üz ağardan, bizə ümid verən "Qarabağ” olub. Bizi həvəsləndirib, bizi ümidləndirib. Dünən o ümidlər bəlli səbəblərdən doğrulmadı. 

Azərbaycanlı futbol azarkeşlərini, mütəxəssisləri, mətbuat nümayəndələrini bir qədər realist olmağa, baş verənlərə obyektiv yanaşmağa çağırıram. Bacaranlar bacaracaq, bacarmayanların isə canı sağ olsun. Həyat da, mübarizə də davam edir.

Qurbanov isə üzülməsin. Vəziyyət bir məşhur mahnıda deyildiyi kimidir. Hədəfləri böyütməyi, Çempionlar Liqasının qrupunu xəyal etməyi bizə siz öyrətmisiz...

Amal Abuşov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->