Xəbər lenti

Sərdar Cəlaloğlu Eynişteyni səhv cıxartdı
Ölkə 15:02 17.01.2014

Sərdar Cəlaloğlu Eynişteyni səhv cıxartdı

“Eynşteynin nisbilik nəzəriyyəsinin yanlış olduğunu aşkarlamışam"

 ADP sədri Sərdar Cəlaloğlunun yeni elmin əsasını qoyduğu deyilir. “Kondisiologiya" adlı elm bu günə qədər cavabsız qalan bir çox suallara müstəqil şəkildə cavab tapmağa imkan verəcək.

Yeni elm suallara nəinki cavab verir, bu cavabları o qədər sadə və inkaredilməz məntiqlə əsaslandırır ki, bu məntiqə qarşı durmaq, onu hansısa şəkildə təkzib etmək, sadəcə, qeyri-mümkündür.

Kondisiologiya elminin daha bir özəlliyi - elmlə dinin barışdırılmasıdır.

Elmdə ehtimal nəzəriyyəsinin olduğunu yada salıb, S. Cəlaloğludan kəşf etdiyi yeni elmlə bağlı ətraflı məlumat verməsini istədik. Onun "Telegraf"a verdiyim məlumata görə, bizim əldə etdiyimiz elmi bilgilər dinlərin vəhyi əldə etmə prinsiplərinə əsaslanır: “Din həqiqəti vəhy şəklində alır, elm isə kəşf şəklinə gətirir. Biz kəşfləri vəhylərin tabe olduğu prinsiplə əldə etsək, onda elə həqiqət əldə edəcəyik ki, o, ehtimal nəzəriyyəsinə görə nisbi olmayacaq. Yeni elmin yeganə fərqliliyi bundan ibarətdir. "Kondisiologiya" forma və əldə etdiyi ideyaya görə dinə oxşayır. Amma mahiyyətinə baxanda elmə oxşayır. Çünki dünyanı izah edir. O dünyadan bu dünyaya keçid necə baş verir, insan ruhu bədəndən necə çıxır? Bunları fizika, kimya, biologiya elmlərinin qanunları əsasında izah edirəm, dünyəvi elmlərin cavab vermədiyi bütün suallara, o cümlədən kənara çıxma məsələlərinə aydınlıq gətirirəm. Elmlər təsvirlə məşğuldur, mahiyyətlə yox. Mənim təklif etdiyim isə həm elmdir, həm dindir, həm də fəlsəfə. İfadəsi fəlsəfi formadadır, mahiyyəti kəşf xarakterlidir, amma həmin kəşfin əldə edilməsi dini ayələrin əldə edilməsi prinsiplərinə uyğundur. Dinin məntiqinin forması götürülüb bu məntiqlə elm kəşf olunsa, elm olacaq. Müasir kosmosu dərk etmək istəyirəm, elektriki, maqniti, işığı elmi metodla deyil, ehkamın əldə edilmə prinsipləri ilə araşdıranda tamamilə fərqli - nisbi yox, mütləq həqiqət aşkar olunur".

ADP sədri qeyd edib ki, dinin aşkarladığı ayələr ehkamdır, mütləqdir: “Din deyir ki, Allah-təala belə deyibsə, bunun nöqtə-vergülünü dəyişmək olmaz. Elmin 8 prinsipi var, amma fərqli prinsipdir və onu dəyişmək olar. Din bir nəfər - Məhəmməd peyğəmbər tərəfindən yaradılıb, fizika elmi minlərlə dahi  - Paskal, Lomonosov, Eynşteyn, Arximed, Nyuton tərəfindən yaradılıb. Birinci fərq budur. Həqiqəti nə qədər çox adam aşkarlayırsa, onların hamısının aşkarladığı həqiqət nisbidir. Həqiqəti nə qədər az adam aşkarlayırsa, o, mütləqdir".

Yeni elm kəşf edərkən S. Cəlaloğlu bir sıra problemlərlə də qarşılaşıb: “Quranda yazılıb ki, "ol dedim, oldu". Necə olur ki, Allah canavara sən ol, deyib, canavar olub. Bu, necə olur axı? Bunu elmi şəkildə izah etməli idim. Fiziki dünyada baş verən hərəkət formalarına bunu izah etmək mümkün deyil. Fizikada 3 hərəkət var: dinamika, statika, kinematika. Bu üç şey kosmosda olan şeylərdir. Kosmosda olmayan şeylər dinamika, statika, kinematikaya keçəcək. Onda onları keçirən hansı hərəkətdir? Bu, hərəkətləri, qanunauyğunluqları uzun müddət idi axtarırdım. Bunu yazmadan bu dünyadan o dünyaya keçidi izah etmək mümkün deyil. Ruh o dünyaya necə keçir? Nə din, nə elm ruhun keçmə hərəkətinin mahiyyətini vermir. Yeni elmdə din və elmin məşğul olmadığı problemlərlə məşğul oluram. Hərəkət formalarının, məsələn, dairəvi hərəkətin rəqsi hərəkətə keçməsinin qanunauyğunluqlarını aşkarlamışam. Eynşteynin nisbilik nəzəriyyəsinin tamamilə yanlış olduğunu sübuta yetirmişəm. Lomonosovun enerjini saxlanması qanununun və Darvinin təkamül nəzəriyyəsinin çaşmadan əmələ gəldiyini, həndəsə, astronomiyada, riyaziyyatda, kimyada bəzi biliklərin çaşmadan yarandığını müəyyən etmişəm. “Elmlərin aşkarladığı mütləq həqiqət" adlı ayrıca fəsil yazmışam. Tanıdığımız elmlərin 99 faiz bilgiləri nisbi bilgilərdir. Onlar bizə qanun kimi göstərilib, amma çaşmalardan ibarətdir. O bilgilər bizə imkan vermir ki, biz dünyanı Allahın yaratdığını sübut edək . O nisbi bilikləri atıb, elmdən mütləq bilikləri götürüb, dinin dediklərini uzlaşdırsaq, dinlə elmin dediklərinin nöqtəbənöqtə üst-üstə gəlməsinin şahidi olacağıq".

ADP sədri Nobel Komitəsinə müraciət etdiyini və kitabında nəhəng kəşflər olduğunu söyləyib: “Göndərəcəyim kəşfdə’ Eynşteynin nisbi nəzəriyyəsinin yalan olduğunu aşkarlamışam, mütləq nisbilik yaratmışam. Komitədən dedilər ki, ildə bir dəfə universitetlərə sifarişlər göndəririk. Onlar məsləhət bildikləri elmi işləri bizə göndərir, universitet xətti ilə göndərin. Mən bilmirəm ki, hansı universitetlərə müraciətlər olunur. Vicdanı olan alim varsa, ən azı ümumi millətimizin xətrinə mənə deməlidir ki, müraciət gəlib, gəlin sənədinizi göndərək.  Əsərimi kitab şəklində başa çatdırmadığıma görə saxlayıram. Bir neçə kəşf var ki, ayrı-ayrı Nobel nominasiyaları üzrə təqdim etmək olar. AMEA rəhbərliyi və savadlı din xadimləri yığışıb suallarını versinlər, mən də cavablayım. Yeni elm təklif etmişəm. Bu, Azərbaycanlın adı ilə bağlı olacaq, mən ikinci adamam. Dövlətin bu işdə xüsusi marağı olmalıdır. Təxminən 30 illik elmi tədqiqatın nəticəsində bu şeyləri aşkarlamışam. Tarixin metafizikası haqqında 3 cildlik kitab yazdım, çap üçün 25 min dollar pul istədilər. O pulu tapa bilməmişəm deyə çap edə bilməmişəm. Ondan sonra 10-dan çox kitab yazmışam, pulsuz paylamışam ki, insanlar maariflənsin. Tələsməyimdə məqsəd odur ki, bir nəzəriyyəni çıxarıb Nobel Komitəsinə təqdim edib mükafatı alım və kitabları çap etdirim".

Qaynar.info

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->