
Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu oktyabrda keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürəcək.
O, Obyektiv TV-yə (obyektiv.tv) müsahibəsində bildirib ki, Rüstəm İbrahimbəyovun rəhbərliyi ilə Milli Şura Kremlin layihəsidir və ümumiyyətlə, tanınmış kinodramaturqun ictimai-siyasi parametrləri onun prezidentliyinin əleyhinədir: “o, sadə xalqdan uzaqdır və etirazçı elektoratın ümidlərini ifadə etmir”.
MŞ-yə beynəlxalq təşkilati və maliyyə dəstəyindən danışan S.Cəlaloğlu deyib ki, R.İbrahimbəyov Rusiyada yaşayır, bu ölkənin ali siyasi dairələrinə daxil olub, Kinematoqrafçılar İttifaqının rəhbəridir. Dünənə qədər RF vətəndaşı idi və bundan “irəli gələn öhdəlikləri” var idi.
Rusiya prezidentinin müşaviri Söyün Sadıqovun bu yaxınlardakı bəyanatları nəzərə alınmaqla bütün bu amillər ondan xəbər verir ki, bu, Rusiyanın layihəsidir və bu ölkənin Qafqazdakı maraqlarının reallaşmasına yönəlib, S.Cəlaloğlu hesab edir.
Burada hakimiyyət dəyişikliyi mümkündür, lakin MŞ-nin şərtləri ilə yox. Bu, onun taktikasından da görünür: optimist müsbət bəyanatlar verir, lakin nəzərəçarpacaq hərəkətlər etmir.
Azərbaycanda seçkilərə 3 ay qalmış onun keçirilməsi üçün adekvat şərait yoxdur. Bundan əlavə, cəmiyyət susur, siyasi müxalifət seçkiqabağı taktikaya başlamayıb ki, bu da hakimiyyətə sərf edir.
Rüstəm İbrahimbəyovla İlham Əliyevin siyasi potensialı və seçkiqabağı vədləri arasında böyük fərq var. Lakin heç bir tərəf xalqın gözləntilərinə cavab vermir. Bir tərəf demokratikləşmənin vacibliyindən, müstəqilliyin prioritetindən danışır, lakin bu anlamları uzlaşdırmır. Odur ki, seçkilərdə “üçüncü qüvvə”nin iştirakına gərək var və bu qüvvə kimi Cəlaloğlu özünü görür.
R.İbrahimbəyovun qeydiyyat məsələsinə toxunan S.Cəlaloğlu proqnozlaşdırır ki, MSK gözləmə mövqeyi tutacaq və seçkilərin başlamasına 20-25 gün qalmış qeydiyyatdan imtina edəcək.
Milli Şura vahid namizəd kimi Müsavat Partiyasının sədri İsa Qəmbərin namizədliyini irəli sürəcək və o da “məğlub duruma” düşəcək.
Sonra S.Cəlaloğlu Azərbaycandakı siyasi vəziyyəti böyük dövlətlərin maraqları ilə əlaqələndirib. Belə ki, Kreml Bakıya Qarabağ probleminin həllinə dəstəyin müqabilində Avrasiya və Gömrük İttifaqına daxil olmağı təklif edir. Rusiya bu məsələdə daha çox imkanlar verməyə qadirdir, ona görə də daha aqressiv siyasət yürüdür.
İki dövlətin qarşıdurması prezident seçkiləri zamanı sürprizlərə səbəb ola bilər. Odur ki, müxalifət demokratiyaya sadiq olduğunu nümayiş etdirməklə dövlətçilik mövqeyində dayanmalıdır./musavat.com/