
Artıq dayanacaqda dayanan sərnişin gözlədiyi avtobusun iki dayanacaq əvvəlki yeri haqqında məlumat əldə edə biləcək
Dayanacaqlarda quraşdırılan avtobus informasiya terminallarında yayımlanan məlumat təsvirində dəyişikliklər edilib. Belə ki, artıq dayanacaqda dayanan sərnişin gözlədiyi avtobusun iki dayanacaq əvvəlki yeri haqqında məlumat əldə edə biləcək. Yəni əgər əvvəllər monitorda avtobusun dayanacağa çatma vaxtı göstərilirdisə, indi sərnişin nəqliyyat vasitəsinin hansı ərazidə olduğunu öyrənə biləcək.
Avtobusun çatmasına iki dayanacaq qaldıqda dəqiqələr qrafik təsvirlə əvəz olunur. Dəyişikliklərə əsasən, gözlənilən avtobus uzaqda olduqda onun cari dayanacağa çatma vaxtı əvvəlki qayda üzrə dəqiqələrlə göstərilir. Növbəti dəyişikliklərə terminalIn solunda avtobuslarIn nömrələri və onlarIn dayanacağa çatma vaxtı göstərilən hissədə rast gəlmək mümkündür. Belə ki, həmin hissədə sərnişinin durduğu dayanacaq qırmızı dairə ilə təsvir olunub.
Sarı kvadratlar avtobusun iki dayanacaq əvvəlki yeri, yaşıl dairə isə xətdə olan və dayanacağa yaxınlaşan avtobusu əks etdirir. Terminallardakı yeniliklərlə bağlı rəyini soruşduğumuz sərnişinlər hesab edirlər ki, monitorlarda bu cür sadələşdirilmə işlərinin aparılması çox vacibdir.
Qeyd edək ki, terminalın avtobus bölməsində göstərilən marşurutlar üzrə hərəkət edən avtobusların müvafiq cari vaxtda hansı dayanacaqlara yaxın olduqları da qeyd olunur./ans.tv/