Vətəndaşların pulunu mənimsəyib onları evsiz-eşiksiz qoyan tikinti şirkətlərinin qurbanlarının siyahısı get-gedə artmaqdadır. Şirkət sahibləri arasında həbs olunanlar da var, özünü “sığortalamağı” bacaranlar da... Ən qəribəsi isə budur ki, tikinti firmaları tərəfindən aldadılanların əksəriyyəti bu tip məsələlərdə “Şərurlu İsfəndiyar” ləqəbli iş adamı İsfəndiyər Axundovun adını daha çox hallandırır.
Əslən Babək rayonundan olan Tural Hacıyev virtualaz.org saytına açıqlamasında “Azərtikinti ATF” MMC tərəfindən aldadıldığını deyir.
T.Hacıyevin sözlərinə görə, 2008-ci ildə sözügedən tikinti şirkətindən mənzil almaq niyyətinə düşüb. Amma nə mənzil ala bilib, nə də ki, pulunu qaytarıblar: “Bu şirkətin Xətai rayonu, Telnov küçəsi, 23-47/48 ünvanında binaları inşa olunurdu. 2008-ci ildən tikilməyə başlanan 16 mərtəbəli binaların birində ev aldım. Şirkətin direktoru Azər Quliyevlə müqavilə bağladım. Əlimdə sənəd-sübutum da var. Hər şey qanun çərçivəsində həyata keçirilib. İlkin olaraq 27900 dollar ödəniş etdim. Yerdə qalan pulu - 32 min dolları kredit yolu ilə verəcəkdim. Dörd ay ayda 1000 dollar verdim. Dörd aydan sonra isə şirkətin rəhbərini dələduzluğa görə həbs etdilər”.
Tural Hacıyevin sözlərinə görə, Azər Quliyev “Şərurlu İsfəndiyar” kimi tanınan tikinti maqnatı İsfəndiyar Axundovla şərik olub. Şirkətin sahibi Azər Quliyev mənzil dələduzluğuna görə həbs olunandan sonra evlərinə İsfəndiyar Axundov şərik çıxıb: “Azər Quliyev həbs olunandan sonra getdim “Şərurlu İsfəndiyar”ın yanına. Dedi ki, bina bizimdir, müqaviləni Azərlə bağlamısınız, əlavə olaraq 25000 manat verin, mənzillərinizi alın. Dedim, buna imkanımız çatmaz. Neçə dəfə yanına gedib-gəldim, xeyri olmadı. İş məhkəməyə getdi. İlk gündən etibarən məhkəmə bizi arxayın saldı ki, pullarınızı qaytaracaqlar. Biz əslində Azər Quliyevin həbs olunmasını istəmirdik. İstədiyimiz o idi ki, bizə dəyən maddi ziyan ödənilsin, vəssalam. Azərin özünün də əlində sənədlər vardı, deyirdi ki, evlər satılacaq, pullar camaata qaytarılacaq. Hətta İsfəndiyar Axundovun vəkili Şahbaz Kərimov məhkəməyə gələndə bizə demişdi ki, sizin evləri qaytaracağıq. Amma sonra hər şey dəyişdi. Bir il sürən məhkəmə prosesi yekunlaşdı və Azər Quliyev 11 il iş aldı. Bizə dəyən zərəri isə heç kim ödəmədi.
Getmədiyim, şikayət etmədiyim yer qalmayıb. Nə mənzilimi ala bilirəm, nə də pulumu. “Şərurlu İsfəndiyar” halal evimi verməkdən imtina edir. Mənim kimi 14 nəfər aldadılmış payçı var. Hamımız evsiz-eşiksiz küçələrdə qalmışıq”.
Tural Hacıyev Prezident Administrasiyasına, Baş Prokurorluğa, ölkə başçısına müraciət ünvanlayıb: “Son ümid yeri olaraq yalnız ölkə başçısından kömək istəyirəm. Çünki bu cür işlər yalnız prezidentin müdaxiləsindən sonra ədalətlə həll oluna bilər”.
Qaynar.info