
Azərbaycanda seçkiləri qonşu toyu qədər ciddiyə almırlar və ona qonşu toyu qədər ciddi hazırlaşmırlar. Məmləkətin müqəddəratını həll edən bu tarixi hadisə statistik azərbaycanlının qafasında “Eh!”-lə assosiasiya olunur.
Mən siyasəti sevmirəm, siyasi yazılar yaza bilmirəm. Siyasət, yumşaq desək, yaxşı oyun deyil. Hələ bir sözhbət bizim siyasətdən gedirsə... Özümüzdən başqa hamıya uduzan siyasətimizdən!
Amma, mənə görə səsvermə yalnız siyasi aksiya deyil. Bu, millətin mədəni səviyyəsinin, intellektinin və hansı xarakterə mənsub olmasının göstəricisidir.
Türk kanallarına hamımız baxırıq və təbii ki, ən məşhurlarının Ana Xəbər bülletenlərini də izləyirik arada. Hətta siyasi dartyışmalar aparılan dəyirmi masalar, tok-şoular da maraqsız deyil. Etiraf edirəm, biri birinə ən ağır ittihamlar irəli sürən tərəflərin “seçki saxtakarlığından” danışdığını görməmişəm. Bildiyiniz kimi, türk telekanalları bizimkilər kimi deyil. Hardan maliyyələşməsindən, kimə məxsus olmasındabn asılı olmayaraq ciddi məsələlərdə bütün tərəflərin, məxsusi olaraq ana müxalifətin fikrini nümayiş etdirirlər. Nəinki, burada hakimiyyət seçki saxtakarlığında ittiham olunmur, əksinə “sizi bu xalq seçib, onun qarşısında məsuliyyət daşıyırsınız” ifadəsi səslənir.
Adam baxdıqca ürəyi qübar eləyir...
Nə vaxtacan qonşulara baxıb köks ötürəcəyik görəsən?
Postsovet məkanı deyirsiz... Saxtakarlıqların Rusiyadan qaynaqlandığını və keçmiş müttəfiq respublikalara təsir etdiyini anladırsınız. Ancaq burnumuzun ucunda Gürcüstan kimi respublika var. Ukrayna var, Pribaltika ölkələri var.
Lağ elədiyimiz İranın keçirdiyi seçkilərə baxın. Adam hayıl-mayıl qalır. İranın seçkiləri və tibbi kifayət edir ki, bir azərbaycanlı bu ölkəni tənqid etməkdən utansın. Hələ bir qüzeyli-güneyli Vahid Azərbaycandan dəm vururuq. Adam balası kimi yaşayırlar. Onları hansı ölkəyə dəvət edirsiniz? Hafiz Haciyevi təbrizlilərindəmi namizədi kimi görmək istəyirsiz? Yazıq deyilmi millətə? O boyda mübariz ruhun bu şərtlər altında mağıllamasını Allah götürərmi?
Normal seçki keçirə bilməyən cəmiyyət heç bir problemini həll edə bilməz. Mənə Qarabağ nağılları danışmayın. Evindən qalxıb səsverməyə gəlməyən və öz iradəsini səmimi şəkildə ifadə etməyən insanların vətənsevərliyi riyakarlıqdan başqa bir şey deyil.
Səs namus məsələsidir. Hətta namusdan bir az da ötə!Çünki, bizim cəmiyyətin namus kimi başa düşdüyü anlayış ailəni və yaxın qohum-əqrəbanı qapsayır. Amma səs məmləkətlə bağlı məsələdir.
Hətta bir adamın səs verməməsi, yaxud səsinin oğurlanmasına biganə qalması vətənə xəyanət kimi də dəyərləndirilə bilər.