Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) və dövlət qrumlarının tabeçilyində olan sanatoriya - kurort putyovkalarının qiymətində 50 faizdən çox bahalaşma olub.
Qaynarinfo-nun əldə etdiyi məlumata görə, AHİK-in və dövlət qurumlarının həmkarlar təşkilatlarının tabeçiliyində olan bütün istirahət mərkəzləri, müalicə tipli sanatoriyalara göndərişlərdə ciddi artım müşahidə olunub.
Belə ki, dövlət qurumlarının birinin həmkarlar təşkilatında işçilərin hər biri üçün gündəlik 10 manat tələb edilirdisə, indi bu məbləğ 25 manata qalxıb.
Eyni məbləğ AHİK-in bütün kurort və sanatoriyalarında istirahət etmək hüququ olan insanlardan da tələb olunur. Bəzi yerlərdə putyovkaların qiymətində təxminən 28-30 faiz artım var.
Bəzi yerlərdə isə artım 100 faizdir. Məsələn, ötən il istirahətə yollanmaq istəyənlərin hər birindən orta hesabla 5 gün üçün 50 manat tələb edilirdisə, hazırda bu məbləğ 100 manat civarındadır. Bəzilərində hətta 500 manatadək dəyişir.
Azərbaycan Respublikası Həmkarlar İttifaqı Konfederasiyasının Mətbuat xidməti və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Akif Təvəkküloğlu Qaynarinfo-ya açıqlamasında qiymət artımını təsdiqləsə də, bunun 10 faiz civarında olduğunu bildirib:
"Ölkədə demək olar ki, bütün ərzaq və qeyri-ərzaq məhsulların qiymətində artım var. Suyun, enerji daşıyıcıların qiyməti də artıb. Ötən il çörəyin qiyməti 40 qəpik idi. İndi nə qədərdir? Sanatoriyaya gedənlər gündəlik 3 dəfə qida ilə təmin olunur. Bununla belə, işçilərin əmək haqları da artıb. Buna görə, ötən illərlə müqayisədə bu il putyovkaların qiymətində müəyyən qədər artım var. Ümumilikdə bu artım 10 faiz civarındadır”.
Qeyd edək ki, Həmkarlar İttifaqları Konfederasiyasının rəhbəri deputat Səttar Möhbalıyevdir.
Əhməd