Almaniya millisinin üzvü Jerom Boatenq cəzalandırılıb.
Qaynarinfo xəbər verir ki, 2021-ci ilin fevralında ayrıldığı sevgilisi intihar edəndən sonra gündəmə gələn Boatenq, indi də keçmiş sevgilisi Şerin Senlerə qarşı zorakılıq etməsi iddiası ilə məhkəməyə çıxarılıb.
Futbolçu ona qarşı yönələn iddiaları rədd etsə də məhkəmədə günahkar hesab olunub. Nəticədə keçmiş sevgilisinə qarşı zorakılıq etdiyi üçün futbolçu 1.8 milyon avro məbləğində cərimələnib. 33 yaşlı futbolçuya 1 il 6 aylıq həbs cəzası tələb olunsa da Münhen məhkəməsi pul cəriməsini daha məqsədəuyğun sayıb.
Anası alman, atası qanalı olan Boatenq əkiz qızlarının anası Senlerə 2018-ci ildə təhlükəli fiziki zərər verməkdə günahlandırılırdı. Məşhur "Bild” nəşri Boatenqin sevgilisinə kiçik şüşə qabla zərər vermək istədiyi haqda məlumat yaymışdı.
Ötən həftə "Lion”a transfer olunan təcrübəli alman futbolçu doqquz dəfə Bundesliqa çempionu, iki dəfə Çempionlar Liqasının qalibi adını qazanıb. Almaniya ilə birlikdə 2014-cü ildə Braziliyada keçirilən dünya çempionatının qalibi olan futbolçu, millinin sabiq baş məşqçisi Yoahim Lövlə 2019-cu ildə problem yaşadığından, həmin vaxtdan bəri yığmanın formasını geyinmir.
Səbuhi Həsənov