
Türkiyədə yaşayan azərbaycanlı jurnalist Sevil Nuriyeva son günlər "Facebook" sosial şəbəkəsində haqqında yazılan tənqidlərə münasibət bildirib.
Qaynarinfo.Az xəbər verir ki, jurnalist bildirib ki, “mənsub olduğu qruplar, qrant aldığı ölkələrin bəlli olduğu azərbaycanlılar” tərəfindən linç edilir və ona böhtan, təhqir dolu yazılar ünvanlanır.
S.Nuriyeva Türkiyədə 15 iyulda hərbi çevrilişə cəhdlə bağlı səsləndirdiyi fikirlər, prezident Rəcəb Tayyib Ərdoğanı dəstəkləməsinə görə ona bu cür edildiyini vurğulayaraq, bunları yazıb:
“Neçə gündür azərbaycanlı şəxslər tərəfindən böhtan, təhqir dolu mesajlar alıram. Bunun bir sistematik linç kampaniyası olduğunu bilir və dərhal hüquqi işlərə başlamış haldayam. Heç bir şər-böhtanın cavabsız qalmayacağını bilirəm.
Məhkəmə prosesini başlatdığımı hörmətlə bəyan edirəm.
Mənə "Ərdoğana yaltaqlanan" deyən qafil, mən millətin fədaisi, mərd bir liderin dəstəkçisiyəm... Sizin kimi ölkəsini girov almaq istəyən qrant qarşılığında mənəviyyatını satan olmaqdansa, sizin deyiminizcə, “Ərdoğan yaltağı”olmaq şərəfdir...
P.S. Şeytan və onun şərindən Allaha sığınıram...”
Qeyd edək ki, Sevil Nuriyeva hazırda Türkiyənin "Star" qəzetinin Qafqaz üzrə köşə yazarıdır. O, ötən ay "Kanal 24"ə dəvət olunduğu bir verilişdə hərbi çevriliş barədə danışarkən qəhərini saxlaya bilməmişdi.
Qaynarinfo.Az