Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi, Gənclər üçün Təhsil Mərkəzinin təşkilatçılığı ilə həyata keçirilən "Qızlar seminariyası" layihəsi çərçivəsində ikinci görüş Qadın və Uşaq Akademiyası İctimai Birliyinin sədri Sevinc Fədai ilə keçirilib.
Sevinc Fədai universitet tələbəsi olan qızlarla keçirilən görüşdə onlara həm ruhlandırıcı, həm də maarifləndirici çıxış təqdim edib. Birlik sədri çıxışı zamanı qızların təhsilinin yalnız fərdi inkişaf üçün deyil, həm də cəmiyyətin bütöv inkişafı üçün mühüm olduğunu vurğulayıb. O qeyd edib ki, hər bir qızın özünü dərk etməsi, potensialını kəşf etməsi və bu potensialdan istifadə etməsi cəmiyyətin daha sağlam, mütərəqqi və ədalətli olmasına xidmət edir:"Qızların savadlı, öz gücünə inanan və həyat qarşısında qorxmadan addımlayan bir fərd kimi formalaşması təkcə onların şəxsi uğurları deyil, eyni zamanda ailələrin və bütövlükdə cəmiyyətin zəfəridir."
Sevinc Fədai çıxışında qadınların tarixdəki və müasir dövrdəki roluna diqqət çəkərək, gənc qızlara örnək olacaq nümunələrdən də söz açıb. Bu hekayələr tələbələrdə daha böyük məqsədlər üçün çalışmağa və mübarizə aparmağa həvəs yaradıb.
O, həmçinin təməl dəyərlərin – dürüstlük, əməksevərlik, həmrəylik və mərhəmət kimi keyfiyyətlərin hər bir qadının həyat yolunda yolgöstərən olduğunu qeyd edib Təhsilin isə bu dəyərləri inkişaf etdirməkdə əsas vasitələrdən biri olduğunu xüsusi vurğulayıb:
"Təhsil yalnız bilik öyrətmir, o həm də insanı daha anlayışlı, ədalətli və cəsur bir şəxsiyyətə çevirir. Bu xüsusiyyətlər həyatdakı ən çətin mübarizələri belə uğurla dəf etməyinizə kömək edir."
Mübarizə mövzusuna toxunan Sevinc Fədai, qızların qarşılaşdığı sosial, iqtisadi və mədəni maneələri aşmaq üçün özlərini gücləndirmələrinin vacibliyindən də danışıb. O, tələbələrə "Nə qədər çətin olsa da, heç vaxt öz hüquqlarınızdan və arzularınızdan vaz keçməyin” mesajını verib.
Çıxışın sonunda tələbələrə xitab edən Sevinc Fədai hər bir qızın öz unikal dəyərini tanımasının, öz səsinə və arzularına sahib çıxmasının əhəmiyyətinə bir daha diqqət çəkib:
"Siz bugünün tələbələri, sabahın liderlərisiniz. İnanıram ki, biliyiniz və ruhunuzla yalnız öz həyatınızı deyil, ətrafınızdakıların həyatını da dəyişəcəksiniz."
Bu ilhamverici çıxış tələbələr arasında böyük maraq oyadıb, müzakirələrin başlamasına təkan verib. Qızlar onları düşündürən və narahat edən məqamları bölüşüb, suallarına cavab tapıb.