Ölkə 16:23 20.01.2024

Sexdə baş verən partlayışda yaralanan daha bir nəfər öldü

Bakı şəhəri, Binəqədi rayonunda yerləşən mebel sexində yanvarın 15-də baş verən partlayış-yanğında ölənlərin sayı artıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən Qaynarinfo-ya verilən məlumata görə, hadisə zamanı xəsarət alan 1996-cı il təvəllüdlü Rüstəmov Adil Aydın oğlu göstərilən tibbi yardımlara baxmayaraq yanvarın 20-də müalicə aldığı xəstəxanada ölüb.

Bununla da hadisə nəticəsində həyatını itirənlərin sayı 10 çatıb.

Hazırda zəruri tibbi yardımlar göstərilməklə yaralanan digər şəxslərin müalicəsi davam etdirilir.

Qeyd edək ki, yanvarın 15-də paytaxtın Binəqədi rayonunda yerləşən mebel sexində 9 nəfərin ölümü, 24 nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri alması ilə nəticələnən partlayışla bağlı Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanaraq istintaq aparılır.