Xəbər lenti

Səyyarə nənənin dilindən...
Ölkə06:51 19.01.2014

Səyyarə nənənin dilindən...

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Tərlan Əbilov

Azərbaycanımızın günü-gündən çiçəkləndiyi bir dövrdə, yolların müasir standartlara uyğun asfaltlandığı, yeni salınan parkların ildə yeni plitələrlə döşəndiyi, əvəz olunduğu, millətimizin düşüncəsinin tıxaca düşməməsi üçün körpülərin salındığı, tikildiyi bir vaxtda “Bu millət heç vaxt düzəlməyəcək, bu millət dilənçilikdən heç vaxt əl çəkməyəcək” deyənləri heç cür anlaya bilmirəm. 

Hə nə olsun ki, indi respublikamızın müxtəlif bölgələrində, şəhərlərində, qəsəbələrində, lap elə paytaxt olan Bakının küçələrində dilənçilərin sayı artıb. Niyə biz pozitiv işləri dəyərləndirmək əvəzinə yalnız neqativ halları gözə soxmaqla məşğuluq? Və həmişə yalnız özümüzü haqlı çıxarmağa, başqalarının haqqını yeyirik? Düzdür, hələ də şəxsiyyət vəsiqəsini belə dəyişmək istəyən, əllilklə bağlı sənəd hazırlayanlar, hər hansı bir peşəylə, ixtisasla işə təmin olan əksər vətəndaşlardan “başlıq”, “haqq” istəyənlərimiz az deyil, amma yenə də “bu millət düzəlməyəcək, bu millət dilənçilikdən əl çəkməyəcək” fikrinə hörmətlə yanaşmaqdan uzağam.

Nədəninə aydınlıq gətirmək üçün soruşum, bəs 30-35 il bundan öncə həyətdə  təndir salıb çörək bişirən, isti çörəyin iyi gəlir deyə qanşunu hasar üstə səsləyib çörək pay verən analalarımız hansı millətin daşıyıcıları idi?! Bir yerə qonaq gedərkən evinin, küçə darvazasının qapısını kilidləyib, açarı qonşusuna etibar eləyən ev sahibləri hansı millətdən olanlar idi?! Orta məktəbdə oxuduğumuz dövrlərdə bir sinifdə qızlara bacım deyən oğlanlar, oğlanlara qardaşım deyən qızlar hansı millətdən idi görən?!

Hansı millətin nümayəndələri idi, məhəllə qızlarının, gəlinlərinin qeyrətini öz qeyrəti sayan KİŞİLƏR?! Lap elə bir az da üzü bəri gəlsək, bəs 1990-cı ilin yanvarında Azərbaycanın müstəqilliyi, azadlığı, bu gün də  torpaqlarımızın qaytarılması uğrunda şəhid gedənlər kimlərdir, hansı millətdəndir, deyə soruşanda aydın olur ki, öz suçunu başqalarında axtaranların dediyi cəfəng sözlərdi üstə dırnaq işarəsiylə sadaladıqlarım. Və belə olan halda sualların sayını artırmağa ehtiyac görmürəm...

Bəli, bu gün üstə istinad elədiyim gözəl xüsusiyyətlər əvvəlkindən çox fərqlidir.  Müxtəlif tv-kanalların, sosial şəbəkələrin diktəsiylə bu millətdən olan qadın və erkəklərin həyata baxışının, sevgiyə, nigaha, vətənpərvərliyə, şəhidliyə, qeyrət, ismət sözünə, qonaqpərvərliyə yanaşmasının xeyli modernləşməsi xoş niyyətli olduğumdan məni də sevindirməyə bilməz. Belə hesab edirəm ki, qız uşaqlarının, yaxud oğlanların küçədə, parklarda, qaranlıq yerlərdə avaralanmasından, elə evdə ata-anasının, qardaş və bacılarının, doğmalarının, yaxılarının gözləri önündə sosial şəbəkələrdə özünə dost, sevgili, ömür gün yoldaşı araması daha sevindirici.

Bu həm də, boşanmışlar, müxtəlif səbəblərdən vaxtında ailə qura bilməyən nisbətən yaşlı nəsilin nümayəndələri üçün də milli şüurumuzun inkişafının yaratdığı gözəl şəraitdir. Başa düşmürəm ailəsi dağılmış erkəklərin və xanımların özündən kiçik yaşlı sevgililəriylə virtual aləmdə sevişməsinin nəyini suç hesab edirlər o “ağzıgöyçəklər”? Bu inkişaf deyil, bəs nədir?  Axı, niyə “Bu millət heç vaxt düzəlməyəcək, bu millət heç vaxt dilənçilikdən əl çəkməyəcək” deyənlər anlamırlar ki, millət əvvəlki illərlə müqayisədə xeyli inkişaf edib. İnkişaf eləmək, dəyişmək millətin düzəlməsi deyil, bəs nədir?! Axı öz düşüncə tərzini dəyişməklə millətini yaxşıya doğru düzəltmək istəyənlərə və düzəldənlərə niyə bu qədər qısqanclıq hissiylə yanaşır bu adamlar?!

Sonda  bir az daha uzaq keçmişə qayıtmaq istəyirəm - dördcə sətirlik bir bayatıyla:

Əzizim ilməsindən,
Keçəydim ilməsindən,
Tutaydım ağ məməndən,
Əməydim düyməsindən.


Bu bayatını qonşumuz 98 yaşında dünyasını dəyişən Səyyarə nənənin öz dilindən eşitdiyim kimi, texniki qüsurlarına düzəliş etmədən ixtiyarınıza buraxdım. Allah Səyyarə nənəyə də rəhmət eləsin, düz arvad idi...

29.12.2013