XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Sıfır ayrı-seçkilik  - AİDS-lə Beynəlxalq Mübarizə Günü növbəti çağırışla yadda qaldı
Ölkə13:41 25.08.2026

Sıfır ayrı-seçkilik - AİDS-lə Beynəlxalq Mübarizə Günü növbəti çağırışla yadda qaldı

İİV-lə yaşayan və bu virusla yoluxma riski altında olan insanların üzləşdiyi ayrı-seçkilik səhiyyə xidmətlərinə çıxışa mane olur, hüquqların pozulmasına və QİÇS-in 2030-cu ilədək aradan qaldırılması istiqamətində əldə olunan irəliləyişin ləngiməsinə səbəb olur.

UNAIDS (BMT-nin İİV/QİÇS üzrə Birgə Proqramı) builki çağırışında məhz İİV-lə bağlı stiqma və ayrı-seçkiliyə qarşı mübarizənin gücləndirilməsinin vacibliyini vurğulayır.

“Hüquqi İnkişaf və Demokratiya” Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım İctimai Birliyinin sədri Zülfiyyə Mustafayeva Qaynarinfo-ya açıqlamasında bildirib ki, 2025-ci il 1 Dekabr – AİDS-lə Beynəlxalq Mübarizə Gününün əsas çağırışı da bu məsələyə yönəlib.

Onun sözlərinə görə, qarşıdakı illərdə İİV-lə mübarizənin əsas istiqamətlərindən biri virusla yaşayan insanların cəmiyyətə tam inteqrasiyasının təmin edilməsi olacaq:

“Builki “Sıfır ayrı-seçkilik” çağırışı insanları birinci yerə qoymağın vacibliyini vurğulayır. İİV-lə bağlı cəmiyyətdə bölünmə, ayrı-seçkilik və stiqma insanların həyatını riskə atır. İİV-lə yaşayan təxminən hər dörd nəfərdən biri cəmiyyətin müxtəlif sahələrində, o cümlədən tibb müəssisələrində stiqmaya məruz qaldığını bildirir. Təxminən 85 faizi isə daxili stiqma, yəni özünüqınama yaşayır”.

Z.MustaFayevanın sözlərinə görə, rədd edilmək və mühakimə olunmaq qorxusu bir çox insanın İİV statusunu gizlətməsinə, hətta müalicəni yarımçıq qoymasına gətirib çıxara bilər.

“İİV-lə bağlı stiqma probleminə ötəri yanaşmaq olmaz. Çünki bu, QİÇS-ə son qoymaq yolunda ciddi maneələrdən biridir”, – deyə o qeyd edib.

Ekspert bildirib ki, UNAIDS hökumətləri, səhiyyə işçilərini, işəgötürənləri, icmaları və fərdləri İİV-lə yaşayan insanların hüquqlarının müdafiəsinə və onların səslərinin eşidilməsinə çağırır.

Onun sözlərinə görə, səhiyyə sistemləri insanların ayrı-seçkiliyə məruz qalmadan testdən keçə, müalicə və tibbi yardım ala biləcəyi təhlükəsiz mühitə çevrilməlidir.

“İİV statusuna görə heç kim özünü “əskik” hiss etməməlidir. Hər kəs İİV-in qarşısının alınması və müalicəsi ilə bağlı effektiv üsulları dəstəkləməklə, icmaların yanında olmaqla və düzgün məlumatları paylaşmaqla bu mübarizəyə töhfə verə bilər”, – deyə Z.Mustafayeva vurğulayıb.

Onun fikrincə, “Sıfır ayrı-seçkilik” çağırışı İİV-lə mübarizənin yalnız tibbi məsələ olmadığını, eyni zamanda insan hüquqları və cəmiyyətə inteqrasiya məsələsi olduğunu göstərir.