
“Ötən dəfə laminat gətirəndə də eyni hadisə oldu".
"İndi də eyni proseslər gedir. Sənədlər qaydasındadır, lakin Türkiyədən gətirdiyim laminatı saxlayıblar. Cənab prezidentə, Aydın Əliyevə teleqram vurmuşam. Yazmışam ki, heç bir əsas olmadan malımı saxlayırlar, bir gənc sahibkar kimi mənə problem yaradırlar” – bu sözləri “Yeni Müsavat”a sahibkar Vüsal Hacıyev deyib.
Onun sözlərinə görə “Aztexnika” MMC şirkətinin xətti ilə Türkiyədən laminat gətirib Azərbaycan ərazisində satışını təşkil edib: “2-ci gündür ki, malımız ”Sınıq Körpü"dədir.
Məndən qanunsuz olaraq min cür sənəd tələb edirlər. Prezidentin 609 saylı fərmanı var. Orada xaricdən gətirilən mal üçün tələb olunan sənədlərin hər biri göstərilib. Mən həmin fərmana uyğun olaraq gətirdiyim mal üçün bütün sənədləri yığmışam - mal alanla satan arasında müqavilə, yol nəqliyyat sənədi, “invoys” (malın dəyəri, çəkisi, sayı haqda məlumat) keyfiyyət sertifikatı, uyğunluq sertifikatı, malın mənşə sertifikatı. Malı “rastomojka” etmək üçün bunlar olmalıdır.
Məndən “Sınıq körpü”də yalnız yol sənədini tələb etməlidirlər. Verirəm, deyirlər ki, get fitosanitariyadan sənəd al. Deyirəm ki, axı bu sənəd tələb olunsaydı, prezident fərmanında yazılardı. Hərə bir adamın üstünə yollayıb başından eləyir. Sürücü də 1 maşın yüklə qalıb sərhəddə. Hər gün maşının orada qalması mənə maddi ziyan vurur. Ötən dəfə aldığım fitosanitariya sənədinin köhnə olduğunu dedilər. Yenisini almışam. Amma malımı yenə də buraxmırlar”.
V.Hacıyev bir qədər əvvəl də ölkəyə laminat gətirəndə “Sınıq körpü”də ona problemlər yaradılmışdı.
Türkiyədən laminat gətirən sahibkara gömrükçülər demişdilər ki, “get monopolistdən icazə al, malı buraxaq!”
Məsələ ilə bağlı Dövlət Gömrük Komitəsinin mətbuat xidmətinə müraciət etdik. Lakin israrlı zənglərimiz cavabsız qaldı. Buna baxmayaraq DGK-nın da mövqeyini dərc etməyə hazırıq.///musavat.com