
Siqaretin bahalaşması doğrudanmı siqaret çəkənlərin bu vərdişdən əl çəkmələrinə kömək edir? Qaynarinfo.Az jurnalistlər arasında bununla bağlı sorğu keçirib. Məlum olub ki...

“Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli:"Bahalaşmanın siqareti tərgitməyə heç bir təsiri yoxdu. Tərgidən ucuz olanda da tərgidər. Tərgitməyən isə qiymətə baxmaz".

“Yeni Müsavat” qəzetinin redaktoru Elşad Məmmədli:"Siqaret mənim üçün vazkeçilməz hobbidir. Heç zaman tərgitməyəcəm, ölənə qədər çəkəcəm. Çəkdiyim siqaret - Kent-1 ötən il 1 manat 80 qəpik idi. İndi 3 manat 20 qəpik olub. Sadəcə, sayını azaltmışam; əgər ötən il gündə 1 qutu çəkirdimsə, indi 2 günə bir qutu çəkirəm. Necə deyərlər, babam kündələri sayır, nənəm kündədən kəsir".

Müstəqil jurnalist Rəsul Mirhəşimli: "Siqaretin qiyməti qalxdıqca daha aşağı qiymətə olan siqaretlərin "axtarışına" başlayıram. Görək, qiymət artımı tərgitdirə biləcək siqareti?”


“Cəbhə.info” saytının əməkdaşı Vilayət Muxtar: "Mən 2007-ci ildən siqaret çəkirəm. Bu günə qədər müəyyən dövrlərdə qiyməti artımı olub. Amma hələ ki, siqareti tərgitməmişəm. Düzü, bu vaxta qədər siqareti tərgitmək haqqında heç düşünməmişəm də. Təbii ki, siqaretdən istifadə etməyi heç kimə məsləhət görmürəm. Amma mən hələ də siqareti tərgitmək fikrində deyiləm. Qiymətlər isə həddindən artıq bahadır. Tək tütün məhsullarında deyil, bütün istehlak məhsullarında müşahidə olunur. Bahalaşma ilə əlaqədar siqareti tərgitmək qərarı verilirsə, o, zaman gərək gündəlik həyatımızda istifadə etdiyimiz bir çox məhsullardan imtina edək. Siqaretdən istifadəni isə bahalaşmaya görə deyil, sağlamlığa görə tərgitmək lazımdır".

Jurnalist Rövşən Əsədov “bahalaşmaya etiraz edirəm” deyir: "Amma sırf bahalaşmaya görə deyil, orqanizmimə zərər verdiyi üçün tərgitmişəm siqareti. Bu xoşbəxt hadisə bir il əvvəl baş verib".

“Modern.az” saytının redaktoru Əfqan Qafarlı siqareti yox, onu çəkmək niyyətini tərgidib: "Son vaxtlar məşiət qayğıları o qədər artıb ki, mən də siqaret çəkməyə hazırlaşırdım, bahalaşmadan sonra o fikri tərgitdim".

Qızılgül
Qaynarinfo.Az