Xəbər lenti

Siyasi partiyadan icra başçısına sərt İTTİHAM
Ölkə14:49 18.03.2013

Siyasi partiyadan icra başçısına sərt İTTİHAM

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Ceyhun Səfərova qarşı aparılan kampaniyaya birbaşa icra başçısı Ramiz Yediyarov özü rəhbərlik edir"

Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) hakimiyyətdən Gədəbəy rayon icra hakimiyyəti başçısının fəaliyyətini yoxlamağı tələb edir. Bununla bağlı partiyanın İdarə Heyətinin bugünkü iclasında bəyanat qəbul edilib. 

Partiyadan Qaynar.info-ya daxil olan bəyanatda deyilir: “Klassik Xalq Cəbhəsi Partiyasının Gədəbəy rayon şöbəsinin sədri Ceyhun Səfərovun Gədəbəydəki qanunsuzluqlar, məmur özbaşınalıqları və digər hallarla bağlı mətbuatdakı çıxışları rayonun hakim dairələrini ciddi narahat edir.  Son günlər C.Səfərova qarşı təzyiq və təqib kampaniyası aparılır. Gədəbəyin baş memarı Elxan Vəliyev tərəfindən ona qarşı qaldırılmış məhkəmə iddiası da bu kampaniyanın tərkib hissəsidir. 

Gədəbəyin icra başçısı Ramiz Yediyarovun keçirdiyi iclasda C.Səfərovu həbs etdirəcəyini bəyan etməsi göstərir ki, KXCP şöbə sədrinə qarşı aparılan kampaniyaya birbaşa icra başçısının özü rəhbərlik edir. Rayon icra başçısı vətəndaşların haqlı tələblərini yerinə yetirmək əvəzinə vəzifəsindən sui-istifadə edərək onları məhkəməyə verir.

KXCP hesab edir ki, icra orqanlarının C.Səfərova qarşı davranışı, onun rayonda baş verən qanunsuzluqlara qarşı etirazı və aktiv siyasi fəaliyyətinə görədir və bütövlükdə KXCP-nin rayon şöbəsinin fəaliyyətini məhdudlaşdırmaq məqsədi daşıyır. 

KXCP C.Səfərova qarşı başlanılan təzyiq kampaniyasını və onu həbs etdirməyə yönəlik addımları pisləyir, bütün bunlara dərhal son qoyulmasını və Gədəbəy rayon icra hakimiyyəti başçısının fəaliyyətini yoxlamağı hakimiyyətdən qətiyyətlə tələb edir.  Əks təqdirdə KXCP C.Səfərova qarşı atılan qanunsuz addımlarla bağlı gərəkli etiraz tədbirlərinə əl atacağını bəyan edir.

KXCP Azərbaycanda fəaliyyət göstərən beynəlxalq təşkilatları və hüquq-müdafiə təşkilatlarını Gədəbəydəki qanunsuzluqlara diqqət ayırmağa çağırır”.

Qaynar.info