Xəbər lenti

Siyasi partiyalar karantinin uzadılmasına necə baxır: qarşı deyillər, lakin...
Ölkə07:05 01.07.2020

Siyasi partiyalar karantinin uzadılmasına necə baxır: qarşı deyillər, lakin...

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Hökumət cəzaları sərtləşdirməklə yanaşı virusa qarşı mübarizə sahəsində təbliğatı da gücləndirməlidir".
Bunu Qaynarinfo-ya açıqlamasında Milli İstiqlal Partiyasının sədr əvəzi Arzuxan Əlizadə karantin rejiminin dinamikaya müsbət təsiri, yeri gələrsə, onun uzadılmasının və əlavə tədbirlərin görülməsinin zəruriliyindən danışarkən deyib. 
Onun sözlərinə görə, COVİD-19 pandemiyayası ilə əlaqədar Nazirlər Kabineti yanında Operativ Qərərgah tərəfindən kütləvi yoluxmanın qarşısının alınması məqsədilə bir sıra qadağaların tətbiqi, bir qədər sonra isə sərt karantin rejiminə keçilməsi ilk iki ay ərzində virusa yoluxma sayında artımın qarşısının alınmasına öz müsbət təsirini göstərib:
"Həmin vaxt virusa yoluxan insanlarımızın sayı gündəlik olaraq 20-30 nəfərdən çox deyildi. May ayının 18-dən etibarən SMS-lə icazə qadağasının götürülməsi, iyun ayının 1-dən etibarən isə demək olar ki, bütün sahələrdə karantin rejiminin ciddi surətdə yumşaldılması ilə virusa yoluxma sayında kəskin artım baş verdi. Hazırda uzun müddətdir ki, gündəlik olaraq koronavirusa yoluxduğu müəyyən edilənlərin sayı 500 nəfərdən çoxdur. Nəticə etibarı ilə virusa yoluxduğu müəyyən edilən və stasionar müalicəyə ehtiyacı olanların xəstəxanalara yerləşdirilməsi ilə bağlı problemlər yaranıb. Həmçinin, bəzi hallarda xəstələrə lazımi səviyyədə yardım göstərilməsi üçün tibbi personal çatışmızlığı da vardır. Hesab edirəm ki, belə kritik durumun yaranması və yoluxma sayında mövcud olan kəskin artım dinamikası bilavasitə karantin rejiminin əsassız olaraq vaxtından əvvəl yumşaldılması ilə əlaqədardır. O səbəbdəndir ki, iyunun 21-dən başlayaraq ölkədə yenidən sərt karantin rejiminin tətbiqinə zərurət yarandı. Görünən odur ki, sərt karantin rejiminə yenidən qayıdılmasa, bu gün virusa yoluxan insanlarımız daha çox ola bilərdi. Ona görə də hesab edirəm ki, mövcud vəziyyət bu sahədə yetkin bilgilərə malik mütəxəssislər tərəfindən ciddi və diqqətlə araşdırılmalıdır və əgər ehtiyac duyulursa, karantin rejiminin bir qədər də sərtləşdirilməsinə və uzadılmasına gedilə bilər. Doğru qərarların alınması üçün xarici mütəxəssisləri ölkəyə dəvət etməkdən də çəkinmək lazım deyil. Ən azından qonşu Gürcüstanın pandemiyanın qarşısının alınmasındakı uğurlu nəticəsini nəzərə alaraq onların da təcrübəsindən istifadə etmək olar. Onu da diqqətdən qaçırmaq olmaz ki, yalnız sərt qaydalar tətbiq etmək vəziyyətdən çıxış yolu deyil. Hökumət cəzaları sərtləşdirməklə yanaşı virusa qarşı mübarizə sahəsində təbliğatı da gücləndirməlidir. Vəziyyətin ciddiliyi insanlarımıza olduğu kimi çatdırılmalıdır. Çünki hələ də insanlarımız arasında ölümcül virusun mövcudluğuna və durumun ciddiliyinə şübhə ilə yanaşanlar az deyil. Bütün bunlarla paralel olaraq isə hökumət vətəndaşlarımızın sosial durumunu da nəzərə almalı, karantin rejiminin tətbiqi ilə əlaqədar ziyan görən kommersiya sahələrinə, iş adamlarına, xüsusilə də sosial durumu zəif olan aztəminatlı vətəndaşlarımıza dəstək olmalı, onlara əlavə yardımlar etməlidir".
Ağ Partiya sədri Tural Abbaslının fikrincə isə indiki məqamda bütün diqqət insanlarımızın sağlamlığına fokuslaşmalıdır: 
"Bu məsələdə lazim olan bütün addımlar atılmalı, lazimi işlər görülməlidir. Pandemiya məsələsində biz Ağ Partiya olaraq əvvəldən bəyan etmişik ki, bu mövzunu siyasi rəqabət predmetinə çevirməyəcəyik və ancaq ümumi dövlət maraqlarından çıxış edəcəyik. Odur ki, əgər mütəxəssizlər karantin rejiminin uzadılmasını tövsiyə edəcəklərsə, biz də bunu dəstəkləyəcəyik. Ancaq biz ümumi maraqlardan çıxış edəcəyik deyib də karantin rejiminin tətbiqi zamanı baş verən çatışmazlıqları da səsləndirməyəcəyik demək deyil. Buna görə də biz mütəmadi olaraq bütün dünyanın da tətbiq etdiyi karantin rejimində xalqın maraqlarını, tələblərini və mövqeyini səsləndiririk. Əgər iqtidar sərtləşdirilmiş karantin tətbiq edirsə və insanları bununla barışmağa səsləyirsə, o zaman insanların maddi maraqlarını, dolanışıq problemlərini, kommunal xərclərini, kreditlərini və sair bu kimi məsələlərin də həllinə çalışmalıdır. Əks təqdirdə insanlara "evdə qal” deməklə onları evdə saxlamaq mümkün olmayacaq. Necə ki, bu günə qədər alınmayıb. Həmçinin istər Səhiyyə Nazirliyi, istərsə də TƏBİB insanlarla ünsiyyət və komunikasiya məsələsini həll etməyə çalışmalııdır. İnsanlara hədə-qorxu gəlməklə məsələ həll olunmur. Hamının gördüyü və artıq kimsəyə sirr olmayan çatışmazlıqlar da ardan qaldırılmalıdır. İnsanların bu qurumlara etimadı bərpa olunmalıdır deyə düşünürəm".
Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev təəssüflə son günlər koronavirusa yoluxma sayında artımlar olduğunu qeyd edib:
"Dövlət öz üzərinə düşən, vətəndaş da öz üzərinə vəzifəni yerinə yetirməlidir. Görünür, müəyyən səhvlər buraxmışıq. Odur ki, bu məsələdə daha çox mütəxəssislərin rəyinə qulaq asmalıyıq. Əsas görəcəyimiz işlərdən biri tibbi təbliğat işlərini düzgün qurmağımızdan asılıdır. Yalnız cərimələrlə bu problemin öhdəsindən gəlmək olmur. Maariflənmə işini də artistlər vasitəsilə deyil, peşəkar həkimlər, infeksionistlər, virusoloqlar vasitəsilə həyata keçirməliyik. Bizim uşaqlar İngiltərədədirlər. Deyirlər ki, idman paltarında tək gəzintiyə çıxırsansa, sənə heç kim heç nə demir. Mağazaya da gündə bir dəfə getmək imkanı tanınır. Amma heç kim ikinci dəfə nə mağazaya, nə də gəzintiyə çıxmır. İnsanların daxilində bir nizam intizam var, bizdə təəssüf ki, bu çatışmır. Dövlət də yardımlarını davam etdirməlidir. Karantin rejiminin uzadılmasının əhəmiyyəti barədə isə mütəxəssislərin rəyini əsas götürməliyik. Hər halda bütün dünya sərt karantin rejimləri nəticəsində problemi yüngülləşdirə bildilər. Amma biz bu virusla hələ bir müddət bərabər yaşamalı olduğumuzdan daim karantin rejimindən də istifadə edə bilmərik. Konkret indiki halda isə düşünürəm ki, bir müddət də karantin rejimi uzadılmasının şahidi olacağıq. Yoluxma sayının azalmaması bunu zəruri edir".
İqtisadçı ekspert, hüquq müdafiəçi Əkrəm Həsənov hesab edir ki, karantinin istəlinən addımları koronavirusa yoluxanların sayını azaldır: 
"İnsanlarımız aprel və may aylarından fərqli olaraq, karantin tələblərinə daha pis riayət edirlər. Bu fakdır. Amma hər bir halda karantin tədbirləri yoluxmanın, həkimlərimizə və xəstəxanalarımıza ağır yükün düşməsinin də qarşısını alır. Eyni zamanda insanlar daha çox və ciddi riayət etsəydilər, nəticə də yaxşı olardı. Hesab edirəm ki, dövlət daha sərt addımlar atmalıdır. Amma bu da dövlətin üzərinə böyük öhdəlik qoyur. İnsanlarım maddi təzminat məsələsi var. Mən dövləti də başa düşürəm. Dövlətdə kifayət qədər vəsait yoxdur. Hesab edirəm ki, insanları evdə inzibati yolla deyil, maarifləndirmə yolu ilə evdə saxlamaq lazımıdr. Bunun üçün telekanallara qadağa qoyulmalıdır ki, mütəxəsisləri, şoumenləri canlı yayaıma dəvət etməsinlər. Evdə otursunlar, müasir texnologiya vasitəsi ilə verilişlər aparsınlar. Bizdə insanlar televiziyaya inanmağa adət edib. Düzdür, gənclər televizora az baxır. Deyirlər ki, əgər bu insanlar efirə çıxıb danışırsa, deməli, təhlükə elə də böyük deyil. İnsanlar bu cür fikirləşir. Bu üzdən qadağan etmək lazımıdr".
Bahar Rüstəmli