Xəbər lenti

Siyəzəndə aksiya: icra başçısı söz verdi(YENİLƏNİB)
Ölkə07:10 07.03.2013

Siyəzəndə aksiya: icra başçısı söz verdi(YENİLƏNİB)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
11:10
Saat 10:30-da Siyəzəndəki mənbə musavat com-a bildirdi ki, aksiya iştirakçıları Siyəzənin mərkəzi küçəsi olan Heydər Əliyev prospektini bağlayıb yürüş keçiriblər.
Siyəzəndən aldığımız son məlumata görə, icra başçısı şikayətçilərin qarşısına çıxaraq, onlara "balam ölsün, üç gün ərzində problemləriniz həll edəcəyik" deyə söz verib və etiraz edənləri dağılışmağa çağırıb. Daha sonra polislər hərəkətə keçərək fəhlələri zorla avtobuslara dolduraraq broyler fabrikinə yola salıblar.
Şikayətçilər verilən vədin deyilən müddətdə yerinə yetirilməyəcəyi təqdirdə yeni etiraz aksiyası təşkil edəcəklərini bildiriblər.
Aksiya sakitləşdiriləndən sonra Siyəzən Rayon İcra Hakimiyyəti rəsmi açıqlama yayıb: “Bu gün səhər saatlarında ”Siyəzən broyler"in işçilərinin rayon icra hakimiyyəti binası qarşısında aksiya keçirərkən onların polis tərəfindən zorla avtobuslara mindirilməsi və bu zaman işçilərin müqavimət göstərmələri haqda yazılanlar həqiqətə uyğun deyil". 
Bu sözləri musavat.com-a Siyəzən Rayon İcra Hakimiyyətinin informasiya təminatı və təhlil sektorunun müdiri Rəhman Mürvətov deyib. 
R.Mürvətovun bildirdiyinə görə, “Siyəzən broyler”in işçiləri hər gün səhər saatlarında İH binasının yaxınlığındakı dayanacaqdan fabrikə məxsus avtobuslarla işə gedirlər. Sektor müdiri deyib ki, işçilər də aksiyadan sonra yolu keçib avtobuslara miniblər. 
R.Mürvətov bildirib ki, işçilərin yolu bağlaması haqda deyilənlər də həqiqətdən uzaqdır: “400-500 nəfərin eyni anda yolu keçməsi yolda tıxacın yaranmasına və hərəkətin dayanmasına səbəb olur. Onlar icra hakimiyyəti qarşısındakı aksiyadan sonra avtobuslara minib işə getmək üçün yolu keçiblər. Bu da yanlış olaraq mətbuatda aksiya iştirakçılarının yolu bağlaması kimi qələmə verilib”. R.Mürvətov polisin aksiyaya müdaxilə etmədiyini, ətraf rayonlardan əlavə polis qüvvələrinin gətirilmədiyini də deyib: “Yerli polislər aksiya iştirakçılarını sadəcə müşayiət ediblər. Heç bir müdaxilədən söhbət gedə bilməz”.

10:04

Siyəzən Quşçuluq Fabrikinin 1000-ə yaxın işçisi maaşlarının vaxtında verilməməsinə etiraz olaraq işə çıxmaqdan imtina edib. APA-nın şimal bürosunun verdiyi məlumata görə, onlar bu səhər saatlarında Siyəzən Rayon İcra Hakimiyyətinin qarşısına toplaşaraq etirazlarını bildiriblər.

Rayondakı mənbələrdən musavat.com-a daxil olan məlumatda bildirilir ki, icra başçısı aksiya iştirakçılarını sakitləşdirmək üçün onlara tələblərinin yerinə yetirilməsinə dair söz verib. Polisin iştirakı ilə camaatı avtobuslara mindirib İH binasının qarşısından uzaqlaşdırmaq istədikdə aksiyaçılar buna müqavimət göstərərək oradan uzaqlaşmaq istəmədiklərini bildiriblər.
Qaynar.info