Ötən gün Siyəzən rayonunda baş vermiş yanğın bu gün səhər saatlarında söndürülüb.
APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, hadisə zamanı Siyəzən rayonu, Bakı-Quba yolunun 90-cı kilometrliyində “Siyəzən Broyler” ASC-yə məxsus ümumi sahəsi 8960 kv. m olan sökülmüş sexlərin içərisində məişət tullantıları, ərazidə 3 ha yabanı otlaq sahəsi və Kiçik Həmyə kənd bələdiyyəsinə məxsus 150 ha sahədə kol-kos və 30 ədəd meşə zolağında olan ağac yanıb.
Yaxınlıqdakı cücə sexləri, meşə zolağının qalan hissəsi, üzüm bağları, yaxınlıqdakı fermalar və yaxınlıqdakı yaşayış evləri yanğından mühafizə olunub. Yanğın saat 06:10-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən də APA-ya bildirilib ki, yanğının qarşısını bu gün səhər saatlarında almaq mümkün olub. Yanğın nəticəsində meşə fondunun təxminən 5 hektar ərazisinə ziyan dəyib.
7 iyul
09:43
Siyəzəndə yanğın meşə fondunun 5 hektar sahəsinə ziyan dəyib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Qaynar.info-ya verilən məlumata görə, 5 iyul tarixində saat 15 radələrində Siyəzən rayonu ərazisindəki Siyəzən broyler fabrikinin sexlərindən birində yanğın hadisəsi baş verib. Küləkli hava şərati yanğını şiddətləndirərək onun yayılma ərazisini genişləndirib.
Yaxınlıqdakı pay torpaqlarına keçən alov dəniz kənarına bitişik meşə fondu torpaqlarını da əhatə edib.
Fövqəladə Hallar Nazirliyinin helikopterləri, yanğınsöndürən maşınları, o cümlədən ETSN-nin qurumlarının əməkdaşları, həmçinin yerli icra strukturlarının nümayəndələri birlikdə yanğını söndürməyə çalışırlar.
Yanğının söndürülməsi üçün müvafiq tədbirlər davam etdirilir.
6 iyul
22:15Bu gün 17.00 radələrindən başlayaraq Siyəzən rayonunun Kiçik Həmyə kəndi ərazisindəki meşə massivində böyük yanğın başlayıb.
ANS PRESS-in məlumatına görə, bu haqda informasiyanı Siyəzən Fövqəladə Hallar Komissiyasının sədri, Siyəzən RİH başçısının müavini Zəfər Əliyev yayıb.
Onun sözlərinə görə, yanğını söndürmək üçün FHN-in Siyəzən rayon dövlət yanğından mühafizə xidmətindən, Sumqayıtdan və qonşu Şabran və Xaçmaz rayonlarının hər birindən 2 yanğınsöndürən maşın əraziyə cəlb edilib.
Rayon ərazisindəki su maşınları da meşə massivinin söndürülməsi əməliyyatında iştirak edirlər.
FHN-in xəttilə yanğın ocağına helikopterlərin də cəlb ediləcəyi gözlənilir.
Yanğının başlamasına səbəb kimi havaların isti keçməsi göstərilir.
Meşə massivində başlayan yanğının yaşayış evlərinə keçməməsi üçün ərazidə qabaqlayıcı tədbirlər görülür.
***
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətinin rəhbəri İradə İbrahimovanın APA-ya verdiyi məlumata görə, əsən külək yanğının geniş ərazilərə keçməsinə səbəb olub.
Yaxınlıqdakı pay torpaqlarına keçən alov dəniz kənarına bitişik meşə fondunu da əhatə edib. Hazırda yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin (FHN) helikopterləri və yanğınsöndürən maşınları, o cümlədən ETSN-nin yerli qurumlarının və FHN-nin əməkdaşları, həmçinin rayonun yerli qurumlarının nümayəndələri cəlb olunublar.
İlkin məlumata görə, yanğın nəticəsində meşə fondunun təxminən 5 hektar ərazisinə ziyan dəyib. Hazırda yanğının söndürülməsi üçün müvafiq tədbirlər davam etdirilir.
Qaynar.info