
Jalə İSMAYIL
Bəli, bakılısız, öz şöhrətiniz var. Amma bir dəqiqə. Bakı həm də mənim arzularımın şəhəridir axı. Sizin doğulub-böyüdüyünüz, hər daşına bələd olduğunuz şəhər, mənimsə arzularımın şəhəri. Kiminçün daha əziz olması ürək məsələsi.
Əyalət uşaqları üçün həmişə belə olub. Əlinin arxasıyla burnunun suyunu silə-silə dağda quzu güdən yeniyetmədən səhəngin dəstəyi çiynini göyərtmiş dağ gözəlinə, filmlərin romantikasına uyub bircə dəfə Xəzəri görmək üçün dədəsiylə davaya çıxan gəncdən əlüstü ərə verməsinlər deyib tələbə olmaq üçün daxalın küncündə də olsa kitaba sarılan qızcığaza qədər. Yaxşı, lirik ricətləri kənara qoyub Bakının məhvindən danışaq.
Mütəmadi olaraq rayonluların və qaçqınların Bakını məhv etməsi barədə yarızarafat-yarıgerçək, aqressiv, təəssüf dolu çıxışlarla qarşılaşıram.
Bəli, biz – kəççilər, “stansı” uşaqları, qaçqınlar, yerazlar, naxçıvanlılar gəldik dolduq şəhərə. Biz Bakının mədəni mühitini korladıq, məhv etdik. Bakının özünəməxsus koloritinə əyalət ruhu qatdıq. Bakını böyük kəndə çevirdik. Bakıdan qaçaq saldıq bakılıları. İçərişəhərin də içini biz yedik. Biz – mənfur gəlmələr.
Bəs Siz, əzizlərim? Siz Bakını qorumaq üçün nə etdiniz?
Siz bu illər ərzində gəlmələri söyməkdən başqa heç nə etmədiniz.
Hanı Bakını qorumaq qurduğunuz o təşkilatlar, keçirdiyiniz piketlər, mitinqlər, aclıq aksiyaları? İçərişəhərin bir daşına görə məhkəmələr? Dağıdılan hər küçədən ötrü mücadiləniz? Hanı? Bakıda daha qoçu qalmayıb. Teşə-teşə yeriyən dil pəhləvanlarından – dağlı ceyillərindən, nazikbığ “sovetski” uşaqlarından səs çıxmadı axı...
Çox bakılının qaçqınlara “torpağı qoyub qaçdınız” tənəsi səngimək bilmir. Qaçqın olmasam da, bu məni yaman incidir. İnsanların şəhidini, itkinini, əsirini saya salmamaq necə bir beynin məhsuludu axı? Yüzillik dövrü ağır dişlərinə almış buldozerlər erməni tankları deyil ki. Niyə qarşısında dura bilmirsiniz, əzizlərim? Siz niyə qaçırsınız? Biz Bakıya qaçdıq, siz hara qaçacaqsınız? Arxada Xəzərdi...
Bu illər ərzində ara-sıra Mir Teymur, Eldar Mansurov, rəhmətlik Yaşar Nuri, Rahib Azəri ürək yanğısıyla köhnə Bakı haqqında xatirələrini danışdılar. İçərişəhərdə süjetlər çəkildi. Fuad Axundov çox gözəl verilişlər hazırladı. Bir-iki sayt ya səhifə yaradıldı. Bakının şəkilləri toplandı.
Bu qədər. Biz də dinlədik, baxdıq. Bakını daha çox sevdik. Kinolarda gördüyümüz yerləri öz gözlərimizlə görmək üçün şəhəri ayaqdan saldıq. Bakılı oğlanların rayonlu qızlara lağ eləməsinə, bakılı qızların rayon balalarına naz eləməsinə dözdük. Biz də bakılıların “bağ” anlayışına güldük bol-bol. Üç üzüm, bir əncir, bir də bir quyu bağmış...
Sanki əsrlər boyu bir qazanda qaynasaq da, ətimiz ətinizə qarışmaz. Amma lənətə gəlsin, sevdik Bakını, sevdik, sizə rəğmən, əziz bakılılar!
Bu gün gözümüz önündə məhv edilən böyük bir Bakı dövrü üçün ən azı, bizim qədər günahkarsınız. Ən azı. “Daha çox günahkarsınız!” deyib, könlünüzə dəymək istəmirəm.
İstənilən halda, bu dağıdıcı hakimiyyət qarşısında susqunluğumuza görə hamımız günahkarıq. Bir-birimizə daş atmağı saxlayaq. Dirənişlər tək-tək edilməməlidir. Bakı evi uçurulan ayrı-ayrı adamların problemi olmaqdan çıxmalıdır. Bir mitinq də dağıdılan Bakı üçün olmalıdır.
...Adam inana bilmir ki, bu gün tıxaclarından cana doyduğumuz, bahalığından dad elədiyimiz, itin öz yiyəsini tanımadığı bu Bakı kiminçünsə ən kövrək uşaqlıq xatirəsi olacaq...