Xəbər lenti

Siz nə eşidirsiz?
Ölkə10:57 18.09.2013

Siz nə eşidirsiz?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Sevinc Çılğın

Bakı deyəndə ilk ağlıma gələn şeylərdən biri caz olur. Elə caz deyəndə də ağlıma ilk gələn Bakıdır.

Cazz sanki Bakının damarlarında axan qandır. Bakı cazın improvizələri kimi əyri-köndələndir, dalanları dolaşıqdır, kələ-kötür küçələri, dar-dolanbac səkiləri ilə təpədən-dırnağa cazzdır Bakı. Bəlkə də idi... 

Bax, danışdıqca gözümün qabağına İçərişəhər gəlir. Özünəməxsus rəngi, qoxusu olan İçərişəhər. Bəl-kə Bakı elə o əvvəlki, öz içinə sığınmış içəri şəhərdir? Bəlkə bizim indi eninə-boluna gəzib-dolandığımız, keçmişdə bayır şəhər adlanan şəhərin Bakıya dəxli yoxdu? 

Bayır şəhər bəlkə elə bayırda qalanlar, yaxud içəri şəhərə girə bilməyən, içəri şəhərə yad olan gəlmələr üçündür? Nə bilim, bəlkə də “-dir”, bəlkə də deyil...

İndi bu şəhərin musiqisini eşitmək üçün qulaqlarımı şəkləyirəm. Uğultu... Heç nə anlamıram. Bu nə səsdir? Bu nəyin küyüdür? Bütün notları falş, kanonları pozulmuş, kantası yalnış, avazı ölgün, ritmi qeyri-dəqiq bir hava var indi burada. Kim oxuyur, nə çalınır, bu musiqinin adı nədir, vətəni haradı, dili nədir - anlaya bilmirəm. Mənə danışılan, peşəkarlardan eşitdiyim, oxuduğum, bildiyim, sevdiyim, canımla, qanımla hiss etdiyim musiqini eşitmirəm indi. 

Şair “hərənin hər nə gəlir əqlinə, ifa eləyir” deyirdi. İndi zaman o zaman ki, bir parça əql də qalmayıb düşünüb ifa eləməyə, indi hərənin hər nə gəlir ağzına ifa eləyir. 

Bəlkə mən bir az romantikəm. Bəlkə bir az nostaljiyə qapılıram (özümün yaşamadığım, filmlərdə gör-düyüm, köhnə bakılılardan eşitdiyim nostaljiyə). Məsələn, yaraşıqlı, işıqlı şəhər, fonda Vasif Adıgözəlovun bəstəsi, Rəsul Rzanın sözü, Şövkət xanımın oxuduğu “Bakı”. Mən hələ də Bakı deyəndə fonda bu mahnı səslənən o şəhəri gözlərimdə canlandırıram. Vaxtında gəlmədimmi dünyaya mən? - özümdənmi, Tanrıdanmı soruşuram.

İndi eşitdikləriniz şəhər musiqisi deyil. Bakı heç deyil. Ordan-burdan, o taydan-o biri taydan, sağdan-soldan, dağdan-arandan Bakıya yol alan maraqsız, rəngsiz, mənasız səslər toplusudur. Bizə sırınanın adı musiqi deyil. Ucuzvari piratxana disk mağazalarında, avtobuslarda, bazarlarda yüksək səslə, adamın qulağına təcavüz edərək soxulan “mahnılar”, yaddaşımıza dürtülməyə çalışan, həyatımıza, hissimizə yarınmağa cəhd edən “mahnılar” mahnı deyil, musiqi deyil, nədirsə, başqa şeydir. Bunun şəhərə, şəhər mədəniyyətinə dəxli yoxdur.

Siz bilmirsizsə, day sizdən keçdi. Biz bilmiriksə, daha düzələn deyilik. Çünki musiqi zövqü uşaqlıq-dan formalaşır. Zamanı geriyə qaytarmaq şansımız olmadığından musiqidə yaxşını pisdən ayıra bil-mək, səviyyəsini müəyyənləşdirmək, keyfiyyət baxımından analiz etmək daha əlimizdə deyil. Bizim bir çıxış yolumuz var. Öz övladlarımıza ibtidai musiqi təhsili vermək. Onları peşəkar musiqi ilə tanış etmək. Bizdən sonrakı nəslin musiqi tərbiyəsinə ehtiyacı var. Zövqlü insan yetişdirməyə tələsək.

***

Bu gün musiqi günüdür. Azərbaycanda musiqi bayramıdır. Bu tarix rəhmətlik Üzeyir Hacıbəylinin doğum günündən bəhrələnir. O Üzeyir bəyin ki, bu xalqın şifahi ənənələrə əsaslanan musiqi yaradıcılığını professional səviyyədə ifadə edib. İlk professional bəstəkardır. O bəstəkar ki, folklorla kifayətlənməməyin vacibliyini, mərsiyələrdən zövq almağın lazımsızlığını əyani şəkildə sübut edib. Bir sözlə, bu xalq üçün ən böyük dəyərlərdən olan, hər zaman hörmət və məhəbbətlə, sonsuz minnətdarlıqla anılmalı olan dahi Üzeyir bəyin doğum günü bizim musiqi bayramımızdır. Və o gün bu gündür.

“Minnətdarlıqla” sözünü təsadüfən işlətmədim. Hanı o minnətdarlıq? Hanı o zəhmətlə, onca çətinliklə qurulan, nota köçürülən, professional səviyyəyə qaldırılan musiqimizə, musiqiçimizə saygı? Yoxsa biz sadəcə Üzeyir adına hörmət edirik. Daha doğrusu, nə yazmasından asılı olmayaraq adı Üzeyirdisə və musiqi ilə (hansı səviyyədə hələ ondan danışmıram) məşğuldusa, “işte budur!” deyirik?!

Teleqraf.com