Xəbər lenti

SİZDƏN TƏR İYİ GƏLİR
Ölkə14:00 23.05.2013

SİZDƏN TƏR İYİ GƏLİR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Sevinc Çılğın

İki manat verib bir dezodarant almaq beləmi çətindir?

Yaxud 30 qəpiyə satılan birdəfəlik ülgüclərə pulunuz çatmır?

Məncə, məsələ kasıbçılıqda deyil. Pula qənaət də deyil bu. Kim bilə, ay ərzində neçə manatlıq kontur yükləyirsiz telefonlarınıza (telefonun özünü tez-tez, hər model çıxanda dəyişdirdiyinizi demirəm hələ), neçə manat siqaretə verirsiz, neçə manat kosmetikaya xərcləyirsiz. Boş-boş, mənasız mesajlara, “salam, necəsən, nə var, nə yox, hardasan” kimi vaxt aparan sözcüklərə, ciyərlərinizi alt-üst edən tüstüyə, dərinizi məhv edən ucuz, keyfiyyətsiz boyalara pul xərcləyəndə qənaətcil olmursuz, ancaq iki manatlıq qoxu öldürən dezodarant almağa simiclik edirsiz.

Siz əgər cəmiyyətdən təcrid olunmuş vəziyyətdə yaşayırsızsa, evdən bayıra çıxmırsızsa, hətta evinizdə də sizdən başqa heç kəs yoxdursa, heç kəslə ünsiyyətdə olmursuzsa, sizi anlayaram. Deməli, tərki-dünyasız, depressiyadasız, üstəlik tanrıdan da uzaqsız. Çünki tanrının qarşısına belə, insan təmiz vəziyyətdə çıxmalıdır.

Nə olursa-olsun, o mütləq təmiz olmalıdır. Əqidədən tutmuş, üst-başa, bədənə, əxlaqa qədər. Əgər iman əhlisizsə, bunu ikiyə vurmalısız. Çünki bizim kitabımızda “təmizlik imandandır” yazılır.

İctimai nəqliyyatdan istifadə edirsiz, işdə insanlarla qarşılaşırsız, çox vaxt eyni otağı, eyni masanı paylaşırsız, həkimlə, müəllimlə ünsiyyətdə olursuz, övladlarınıza baxırsız, sevgilinizlə qucaqlaşırsız, həyat yoldaşınızla eyni yatağı paylaşırsız və s. və s.

Qarşılaşdığınız insanların nələr çəkdiyini təsəvvür edirsiz?

Sizin tər qoxunuz, iylənmiş bədəniniz necə zülm edir, düşünə bilirsiz?

Sizin bəhanəniz yoxdur, yaxud qəbul olunmur!

Çünki axıb gedən suyun altında 10-15 dəqiqə dayanmaq, bir aya bəs edəcək iki manatlıq dezodarantı almaq müşkül məsələ deyil.

Təmizliyə riayət edin. İctimai yerlərdə narahatlıq yaratmayın. Özünüzə, üst-başınıza, səliqənizə, təmizliyinizə diqqətlə yanaşın. Qoltuğunuz müsait deyilsə, avtobusun yuxarı tutacaqlarından istifadə etməyin. Səhərlər dişlərinizi fırçalayın. Dırnaqlarınızı tutun. Əllərinizi, üzünüzü sabunlayın. Hər gün duş qəbul edin. Çirkli, ləkəli paltarla evdən çıxmayın.

Təmizlik gözəllikdir. Gözəl olmağa çalışın.

P.S. İnsanlardan deyil, heç olmasa əyninizdəki bahalı paltarlardan, əlinizdəki APPLE-dən utanın…

P.S.S. Bunları müasir insanlara xitabən yazmaq əzabvericidir.