
Yardımlı rayonunda oğulun atasını öldürməsi məsələsiylə bağlı dəhşətli faktlar ortaya çıxıb.
Kənd sakinlərindən verilən məlumata görə, atasıyla həmişə mehriban münasibətdə olan oğulun birdən-birə düşmənə çevrilməsi, nəticədə də onu öldürməsi dini inancları arasındakı ziddiyyətlə bağlı olub. Belə ki, Quba Dövlət İqtisad Kollecinin Yol hərəkətinin təşkili fakültəsinin 3-cü kurs tələbəsi olan Qaçay Nadir oğlu Şahverənov vəhhabilərə qoşulubmuş. O, Qubada təhsil alsa da, tez-tez Bakının vəhhabilərin daha çox məskunlaşdığı “Razin” qəsəbəsinə gedirmiş, orada təşkil olunan məclislərə qatılırmış. Kənd sakinləri deyir ki, qatı şiə olan ailədə Qaçayın dini baxışları ciddi problemə səbəb olub. Onun saqqal saxlaması, şalvarlarının ətəyini qısa kəsdirməsi isə bu problemi bir qədər də dərinləşdirib.
Məzuniyyətə kəndə gələn tələbə ilə atasının bir neçə dəfə ciddi mübahisələrinin olduğu da bildirilir. Hətta iş o yerə çatıb ki, atası onu saqqalını qırxmadığı təqdirdə öldürəcəyi ilə hədələyib. Bundan sonra - hadisə baş verməzdən bir neçə gün əvvəl Qaçay evlərindən çıxıb yaxın qohumlarıgildə qalmağa başlayıb.Qaynarinfo.Az