
Türkiyədə baş verən Soma faciəsindən 57 gün keçir. 301 mədən işçisinin öldüyü qəza bir çox təsirli səhnələrlə yadda qalmışdı.
Virtualaz.org saytı xəbər verir ki, faciə zamanı dediyi sözlərlə Türkiyəni və bütün dünyanı ağladan mədən işçisi Murad Yalçın Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə (ARDNŞ/SOCAR) işə götürülüb.
Mədən qəzası zamanı xilasedicilər tərəfindən xərəyə uzadılarkən “çəkmələrimi çıxarım, xərək çirklənməsin” deyən M.Yalçın bundan sonra SOCAR-da işləyəcək.
M.Yalçın dediyi bu sözlərlə hər kəsi ağlatmışdı. Bir anda yerli və xarici mətbuatın gündəmində yer alan mədən işçisi bundan sonra SOCAR-ın Türkiyədəki nümayəndəliyində çalışacaq.
Bu məlumatı SOCAR-ın Türkiyə nümayəndəliyinin başçısı Kənan Yavuz verib. O, M.Yalçına iş təklifi etdiklərini və bu təkliflərinə müsbət cavab aldıqlarını bildirib. K.Yavuz M.Yalçınla mədəndəki görüşlərini əks etdirən fotonu öz Twitter səhifəsində də paylaşıb.
Qaynar.info


