Xəbər lenti

Sosioloq: “Sən azadsan” deyib, qadınları qızışdırmamalıyıq...”
Ölkə05:58 18.11.2022

Sosioloq: “Sən azadsan” deyib, qadınları qızışdırmamalıyıq...”

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
(Yazı "Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması" mövzusu üzrə hazırlanıb)
Ölkəmizdə aparılan maarifləndirmə işlərinə baxmayaraq, hələ də qadına qarşı zorakılıq, təcavüz, şiddət hadisələri davam etməkdədir. Hər gün ölkə mətbuatında şiddətə məruz qalan və həyat yoldaşları tərəfindən öldürülən qadınlarla bağlı məlumatlar yayılır. 
Bundan əlavə, erkən yaşda ərə verilən qızlarımızın sayı da günbəgün artmaqda davam edir. Ən dəhşətlisi erkən bağlanan nikahlardır. Bu, cəmiyyətdə narahatlıq doğuran əsas problemlərdən biridir.
Bu gün cəmiyyətdə qadın-kişi münasibətləri hansı vəziyyətdədir? Ailələrdə şiddət halları niyə artır? Bəs, bunun qarşısını almaq üçün atılan addımlar, qeyri-hökumət təşkilatlarının həyata keçirdiyi layihələr qaneedicidirmi?
Sosiloq Əhməd Qəşəmoğlu Qaynarinfo-ya açıqlamasında deyir ki, bütün bu problemlərin həllinin kökündə sağlam ailə institutunun inkişaf etdirilməsi durur:
"Qadın-kişi bərabərliyi sözü ciddi elmi əsaslara dayanmır. Mən bu barədə həmişə danışanda belə deyirəm: "gender münasibətləri”, "qadın-kişi” münasibətləri və s. Bərabərlik sözü axıra kimi aydın olmayan məsələdir. Bərabərlik deyəndə bir çoxları statistik bərabərlikləri başa düşür. Yəni, harada nə qədər qadın var, yaxud da kişi. Bu, doğru deyil. Biz ona çalışmalıyıq ki, hər hansı bir prosesdə qadınla-kişi ahəngdar olaraq bir-birini elə tamamlasın ki, görüləcək iş daha uğurlu, onların olduğu sosial mühit institutu daha ahəngdar olsun. Harasa hesabat veririk ki, qadınla kişinin bərabərliyi var? Hansı bərabərlik? Söhbət hüquqi bərabərlikdən gedir, yoxsa sosial mənada bərabərlikdən? Bunlar dəqiqləşməlidir. Azərbaycanda məsələnin bu qədər arzuolunmaz şəkildə olmağının əsas səbəblərindən biri hadisələrə düzgün, elmi metodoloji yanaşmamaqdır. Bu bir çoxlarının gender məsələlərinin axıra kimi  dərk etmədən genderi təbliğ etmək, yaxuda bu sahədə layihələr həyata keçirməsiylə bağlıdır. Yəni, bura Belçika deyil. Belçikada gender münasibətləri başqa cür ola bilər, Azərbaycanda isə tam başqadır. Əsas məsələ kişi ilə qadınlar bir-birini ahəngdar olaraq tamamlamasıdır.  Məsələn, elə ailələr var ki, orda kişi vəzifədə işləyir, daha çox qazanc əldə edir, yaxud da əksinə. Bu, ailənin statusundan asılıdır. Ona görə də "qadın-kişi bərabərdir” demək mənim üçün qəbuledilməzdir. Burada ancaq qadın-kişi münasibətlərindən danışmaq olar. Bunlar niyə bərabər olmalıdır? Bunun üçün meyar olmalıdır. Meyar ahəngdir. Əhangə səbəb olursa, o zaman bərabərlik qəbulolunandır”. 
Azərbaycan ailələrində problemlərin yaranmasına səbəb nədir?
Əhməd Qəşəmoğlunun fikirincə, bunun səbəbi mənəvi dəyərlərdir:
"Min illərdir ki, müdrik insanlar, kitablar, din bizə deyir ki, çalışın ki, cəmiyyətdə mənəvi dəyərlər öndə olsun. Mənəvi dəyərlər öndə olanda cəmiyyət özü-özünü tənzimləyir. Mənəvi dəyərləri sıxışdırıb, arxa plana keçirdikdə cəmiyyətdə gərginlik yaranır. İndi çox təəssüf ki, ailədə mənəvi dəyərlər əvvəlki kimi aparıcı rol oynaya bilmir. Digər bir tərəfdən qadınları önə çıxarırlar. Bir çox qeyri-hökumət təşkilatları yeri gəldi-gəlmədi "sən azadsan”, "demokratik cəmiyyətdə yaşayırsan” və onu etməlisən, bunu etməlisən deyirlər, amma o qrant alanların heç biri kişilərlə işləmir. Yəni, qrant alan təşkilatlar ailə ilə birtərəfli işləyirlər. Onlar ən çox qadınların hüquqlarından danışıb, onları müdafiəsinə qalxırlar. Sanki ailələrdə kişi yoxdur, yaddan çıxır, onların hüquqları heç bir qadının yadına düşmür”.
Sosioloq əlavə edib ki, bunun nəticəsidir ki, Azərbaycan kişiləri bütün dünyaya vəhşi, yırtıcı kişilər kimi tanıdılıb:
"Deyirlər ki, kişilər qadınlarını döyür, onlara zorakılıq edirlər. Bəli, belə hallar var. Bunu heç kəs dana bilməz. Bu gün ailələrdə xoşagəlməz hadisələr baş verir. Məsələn, biz eşidirk ki, bu gün ailələrdə 14 yaşında qızı 30 yaşında kişiyə ərə verirlər. Yaxud da kişi arvadı evdə döyür, bunlar xoşagəlməz hadisələrdir. Və bu hadisələrin həlli yolları da başqadır. Biz çalışmalıyıq ki, kişiləri də maarifləndirək”.
Əhməd Qəşəmoğlu deyir ki, kişiləri maariflənidrmək üçün onun təklif etdiyi bir ailə modeli var:
"Kişilərin öz qadınlarından istifadə etməliyik. "Sən azadsan” deyib, qadınları qızışdırmamalıyıq. Ona azadlığın nə olduğunu sona kimi anlatmalıyıq. Biz qadınları elə hazırlamalıyıq ki, onlar da öz kişilərini maarifləndirsinlər. Bu istiqamətdə işlər gedərsə, ailələrdə yaranan xoşagəlməz problemlər aradan qalxacaq. Bu gün Azərbaycan ailələrində yetərincə problem var. Bunların da əsas səbəbi cəmiyyətdə gedən prosesləri başlı-başına buraxmağımızdır, onlarla elmi əsaslarla məşğul olmuruq. Bizim elmi tədqiqat İnstitutlarımız, elmi təqdiqat mərkəzlərimiz yoxdur ki, bu məsələləri dərindən öyrətsin, tövsiyələr hazırlasın. Biz hər şeyi Allahın ümidinə buraxmışıq. Nə qədər ki, Azərbaycanda sosiologiya, sosial iş, sosialyönlü elmlər ciddi şəkildə inkişaf etməyib, elmi mərkəzlər yaranmayıb, ailələrdə yaranan problemlər günü-gündən bundan da pis olacaq”.
Bahar Rüstəmli
Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.