“Sovetski” sakinlərinin sənədləşmə problemlərinin həll edilməsi ilə bağlı hüquqşünaslardan ibarət yeni qrup yaradılıb.
Bunu Anspress-ə açıqlamasında Yasamal Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, Yasamal Rayon İcra Hakimiyyəti nəzdində yaradılmış Köçürmə Komissiyanın sədri Səməd İslamov deyib. İcra başçısının müavini qeyd edib ki, “Sovetski” sakinlərinin sənədləşmə ilə bağlı problemlərinin həll edilməsi məsələsini dövlət öz üzərinə götürüb:
“İlkin mərhələdə Sovetsiki sakinlərinin 44%i ilə razılaşma protokolu imzalanıb. Əvvələr sakinlər sənədləşmə işlərinə diqqət yetirmirdilər. Nəticədə həmin evlərdə yaşayanlarla vərəsələr arasında pay bölgüsü ilə bağlı müəyyən mübahisələr yaranırdı. Baş nazirin müavini Abid Şərifovun birbaşa göstərişi ilə komissiyada hüquqşünaslardan ibarət xüsusi hüquqi yardım qruplarının yaradılması ilə bağlı qərar qəbul olunub”.
S.İslamov qeyd edib ki, həmin işçi qruplar “Sovetski” sakinlərinin uzun illər mövcud olan mübahisəli məsələlər və sənədləşmə problemlərinin həllinə köməklik göstərəcək.
“Sakinlərə təmənnasız şəkildə xidmət göstəriləcək. Bütün vəsaitlər dövlət tərəfindən ödəniləcək. Çıxılmaz vəziyyətdə qalan insanların əlavə xərclər ödəməmələri üçün bütün işləri dövlət öz üzərinə götürüb”.