Nərimanov rayon ərazisində yerləşən məşhur "SS Hall" restoranında baş verən ölüm hadisəsi ilə bağlı şirkət direktoruna hökm oxunub.
Qaynarinfo-nun məlumatına görə, 4 avqust 2023-cü ildə restoranın ikinci mərtəbəsinin tavanında təmir işləri görən 1996-cı il təvəllüdlü Masallı rayonu, Hüseynhacılı kənd sakini Xaliq Mirzəzadə taxta konstruksiyanın üzərindən yerə yıxılaraq xəstəxanada dünyasını dəyişib.
Baş verən hadisəyə görə Cinayət Məcəlləsinin 162.2-ci maddəsi ilə cinayət işi açılıb və iş məhkəməyə göndərilib.
Cinayət işi "SS Hall" restoranında təmir-bərpa işləri aparan "Sans Group" MMC-nin direktoru Seymur Abbasov Nəsimi oğluna açılıb və təqsirləndirilən şəxs qismində məhsuliyətə cəlb edilib. Onun rəhbərlik etdiyi şirkətin fəaliyyəti evlərin, binaların, restoranların və digər tikililərin təmir işlərini görməkdən ibarətdir.
Məlum olub ki, Seymur Abbasov şadlıq sarayı ilə müqavilə bağlayaraq 1 avqust 2023-cü il tarixdən Röya, Ramin və Xaliqlə işə başlayıblar. Onlar əvvəlcə restoranda astar işləri görüblər. Seymur Abbasov "SS Hall"ın ikinci mərtəbəsində zalının tavanında fərdi mühafizə vasitələri ilə təmin olunmadan onları işə cəlb edib.
3 avqust 2023-cü il tarixdə saat 09:00-da hündürlüyü təxminən 8 metr olan tavanda iş görən zaman Xaliq Mirzəzadə konstruksiyanın üzərindən yıxılıb. O, 4 avqust 2023-cü il tarixdə təxminən saat 11 radələrində həmin xəstəxanada vəfat edib.
Məhkəmənin qərarı ilə Seymur Abbasov Cinayət Məcəlləsinin 162.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib və ona 1 il müddətinə dövlət, özəl və yerli özünü idarə müəssisələrində rəhbər və maddi məsul vəzifələri tutma hüququndan məhrum edilməklə 2 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunub. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək.
Əhməd
Şərhlər