Azərbaycan Həmkarlar İttifaqlarının İdman Təşkilatları Assosiasiyasının keçmiş sədri Nadir Əliyev və "Yasamal” idman-sağlamlıq klubunun sabiq direktoru Alik Həsənovun məhkəmə prosesi növbəti dəfə təxirə salınıb.
Bu barədə Qaynarinfo-ya iş üzrə zərərçəkənlərdən birinin vəkili tanınmış hüquqşünas Aslan İsmayılov bildirib.
Onun sözlərinə görə, prosesin təxirə salınması Nadir Əliyevin vəkilindən imtina etməsi ilə bağlıdır.
Aslan İsmayılov hesab edir ki, müttəhimin vəkilindən imtina etməsi səbəbsiz deyil. "Biz ötən prosesdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının rəhbəri, deputat Səttar Möhbalıyevin də məhkəməyə çağırılmasını istəmişdik. Bununla bağlı vəsatət təqdim etmişdik. Nadir Əliyev və Alik Həsənov da vəsatəti müdafiə etmişdi. Lakin məhkəmə vəsatətimizə baxmadı və hakim onun baxılmasını məhkəmə gedişində müəyyən edəcəyini bildirdi. Bundan sonra isə hakim bütün iştirakçıların təkidi və məhkəmə praktikasının əleyhinə gedərək təqsirləndirilən şəxslərin deyil, zərərçəkənlərin dindirilməsi ilə məhkəmə istintaqına başladı.
Bu dövr ərzində biz dəfələrlə Səttar Möhbalıyevin məhkəməyə çağırılması barədə vəsatət qaldırdıq. Lakin hakim dedi ki, bütün iştirakçılar dindirildikdən sonra vəsatətə baxacaq. Artıq zərərçəkənlərin ifadələri alınıb. Ötən iclasda təqsirləndirilən şəxslərin dindirməsi başlamalıydı. Lakin proses təxirə salındı. Bu gün də elan edildi ki, Nadir Əliyev vəkilindən imtina etdiyinə görə prosesə yeni vəkillər çıxıb. Bununla əlaqədar proses avqustun sonlarına qədər təxirə salındı.
Onu da qeyd edim ki, müttəhimlər ilkin ifadələrində bildirmişdilər ki, zərərçəkənlərdən alınan pullar Səttar Möhbalıyevə çatıb.
Bu gün isə Nadir Əliyev dediklərindən imtina etdi. Bildirdi ki, onu bu cür ifadə verməyə vəkili təhrik edib. Ona görə də vəkilindən imtina edir. Əslində isə bu Səttar Möhbalıyevin məhkəməyə çağırılmasının qarşısını almaq üçün düşünülmüş plandır. Eyni proses ibtiadi istintaq zamanı da baş vermişdi. Həmin vaxt da Səttar Möhbalıyevin çağırılması tələb edilsə də, bu baş vermədi”, deyə Aslan İsmayılov bildirib.
Vəkil əlavə edib ki, bu gün baş verənlərdən sonra Səttar Möhbalıyevin məhkəməyə çağırılması barədə vəsatətin qəbul olunacağına inanmır.
Xatırladaq ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılan istintaqla Nadir Əliyevin Alik Həsənovla qabaqcadan əlbir olaraq Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospekti 69D ünvanında 1,26 hektar torpaq sahəsində yerləşən sözügedən stadion ərazisini guya həmin yerdə hündürmərtəbəli binanın inşa edilməsi məqsədi ilə 5 milyon 500 min manata sata biləcəklərini ayrı-ayrı sahibkarlara bildirmələrinə, həmin məsələnin həlli üçün əvvəlcə beh verilməsi, habelə Konfederasiyanın rəhbər vəzifəli şəxslərinə rüşvət qismində çatdırılması adı ilə sahibkarladan cəmi 900 min manat məbləğində pul vəsaitini aldatma yolu ilə ələ keçirmələrinə əsaslı şübhələr müəyyən edilib.
Bundan başqa, istintaq zamanı Alik Həsənovun həmin vəzifədə işləyərkən eyni üsul və məqsədlə direktoru olduğu stadionun ərazisini digər sahibkara 8 milyon manata sata biləcəyini bildirməsinə, bunun üçün aidiyyəti vəzifəli şəxslərə rüşvət verilməsi və müvafiq sənədləşdirmənin aparılması adı ilə sahibkara məxsus 360 min manat məbləğində pul vəsaitini təkrarən ələ keçirməsinə də əsaslı şübhələr müəyyənləşdirilib.
Qeyd edilən hallarla bağlı toplanan ilkin sübutlar əsasında Nadir Əliyev və Alik Həsənova müvafiq olaraq Cinayət Məcəlləsinin 178.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq) və 32.4, 312.1 (rüşvət verməyə təhrik etmə) və 32.4, 312.2-ci (rüşvət verməyə təkrarən təhrik etmə) maddələri ilə cinayət işi başlanılıb.
Seyid