XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

"Sultan" restoranının fəhləsi ofisiantı belə aldatdı - 3,5 il həbs cəzası aldı
Ölkə18:18 04.09.2026

"Sultan" restoranının fəhləsi ofisiantı belə aldatdı - 3,5 il həbs cəzası aldı

Bakıda müxtəlif vaxtlarda dələduzluq, soyğunçuluq və oğurluq törətməkdə təqsirləndirilən şəxsə 3 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası verilib.

Qaynarinfo xəbər verir ki, iş materiallarına əsasən, təqsirləndirilən şəxs 2025-ci ilin may ayında “Sultan” restoranında gündəlik əməkhaqqı müqabilində tullantıların daşınması işində çalışıb. O, burada ofisiant işləyən Ə.Hacıyevlə tanış olub.

İttihama görə, 16 may 2025-ci ildə təqsirləndirilən şəxs restoranın arxa hissəsində Ə.Hacıyevin “iPhone 15” markalı mobil telefonunu görüb. O, telefonu bir neçə dəqiqəlik “Misli.az” saytında mərc oyununda iştirak etmək üçün istədiyini və qaytaracağını bildirib.

Ə.Hacıyev telefonu ona verdikdən sonra restoranın daxilindən çağırılıb. Bundan istifadə edən təqsirləndirilən şəxs telefonu özü ilə götürərək ərazidən uzaqlaşıb və daha sonra satıb. Nəticədə zərərçəkmişə 1500 manat məbləğində maddi ziyan vurulduğu bildirilib.

Təqsirləndirilən şəxs məhkəmədə bu epizod üzrə özünü təqsirli bilib. O, telefonu mərc oyununda iştirak etmək üçün istədiyini, daha sonra Ə.Hacıyevin diqqətinin yayınmasından istifadə edərək restorandan çıxdığını bildirib.

İttihama əsasən, təqsirləndirilən şəxs 2025-ci ilin iyulunda başqa bir ərzaq mağazasına müştəri kimi daxil olub. Su aldıqdan sonra kassanın üzərində sellofan torbada müxtəlif markalı siqaretlərin olduğunu görüb.

Kassirin diqqətinin başqa tərəfə yönəlməsindən istifadə edən şəxs siqaretlərin olduğu torbanı götürərək mağazadan qaçıb. Mağaza əməkdaşlarının onu saxlamaq və siqaretləri qaytarmasını tələb etmələrinə baxmayaraq, o, ərazidən uzaqlaşıb.

İttiham aktında həmin əmlakın ümumi dəyərinin 254 manat 99 qəpik olduğu göstərilib. Təqsirləndirilən şəxs bu epizodu da etiraf edib. O, maddi vəziyyətinin ağır olduğunu, siqaretlərin bir hissəsini özü üçün saxladığını, qalanını isə satdığını bildirib.

İttihama görə, təqsirləndirilən şəxs daha sonra mağazanın giriş qapısını dəmir parçasından istifadə etməklə açaraq içəri daxil olub. O, mağazadan müxtəlif ərzaq məhsulları, içkilər, siqaretlər və digər mallar, həmçinin kassadan 21 manat 98 qəpik götürüb.

Oğurlanmış əmlakın ümumi dəyərinin 511 manat 08 qəpik olduğu bildirilib. Təqsirləndirilən şəxs bu epizodu törətmədiyini deyib.

İttiham aktında daha bir oğurluq hadisəsinin 2025-ci il avqustun 29-da Bakının Xəzər rayonu, Binə qəsəbəsində törədildiyi qeyd olunub. Belə ki, təqsirləndirilən şəxsin küçədə dayanmış “Mercedes A-Class” markalı avtomobilin yük yeri qapısını açaraq içəri daxil olduğu və oradan monitor, videoregistrator, eləcə də nağd pul götürdüyü bildirilib.

İttihama əsasən, zərərçəkmişə ümumilikdə 900 manat məbləğində ziyan vurulub. Təqsirləndirilən şəxs məhkəmədə bu epizodu da törətmədiyini bildirib.

Məhkəmədə elan edilmiş ifadəyə əsasən, mobil telefon mağazasında işləyən satıcı “iPhone 15” markalı telefonu təqsirləndirilən şəxsdən 150 manata alıb.

Satıcının sözlərinə görə, telefon satılarkən təqsirləndirilən şəxsin şəxsiyyət vəsiqəsinin surəti çıxarılıb və o, cihazın oğurluq olmadığını yazılı şəkildə təsdiqləyib. Satıcı həmçinin telefonda “iCloud” hesabının olduğunu və kodun təqdim edilmədiyini bildirib.

Daha sonra satıcı telefonun “iCloud” kilidinin açılması üçün əlavə xərc çəkib və cihazı başqa şəxsə satıb.

Məhkəmə təqsirləndirilən şəxsi Cinayət Məcəlləsinin 178.1-ci (dələduzluq) və 180.2.2-ci (soyğunçuluğun təkrar törədilməsi) maddələri ilə təqsirli bilib.

Ona 178.1-ci maddə üzrə 6 ay, 180.2.2-ci maddə üzrə isə 3 il 3 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunub. Cəzalar qismən toplanaraq təqsirləndirilən şəxs barəsində qəti olaraq 3 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası müəyyən edilib.

Məhkəmə onun şübhəli şəxs qismində saxlanıldığı müddəti də nəzərə alıb. Ümumilikdə 2 gün saxlanıldığı müddət təyin olunmuş cəzaya günə-gün hesabı ilə daxil edilib.

Beləliklə, onun üzərində 3 il 5 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılıb.

Seyid