
Cavid Cabbarlı
"Allahu Əkbər" deyib insan başını bədənindən ayıran terrorçu gəlib Azərbaycanda mərhəmət mələyinə çevriləcək?
Suriyada bitmək bilməyən döyüşlər təkcə Suriya üçün deyil, əksər ölkələr, xüsusən Azərbaycan kimi müstəqilliyinə yeni qovuşmuş dövlətlər üçün ciddi təhlükələr yaradacağını vəd edir. Sirr deyil ki, az qala hər gün Suriyadan ölkəmizə cəsəd gəlir. Yüzlərlə insanın bu ölkəyə axını da məlumdur. Bəziləri maddiyyatı, bəizləri də “cənnət”i məhz Suriyada axtarır. Təbii ki, öz evini (vətənini) qorumayan, evinin qeyrətini çəkməyən şəxs Məkkədə dəfn olunsa belə, cənnəti dərk edə bilməz. Əsas mövzuya keçməzdən əvvəl VƏTƏN barəsində İslam dininin münasibətini bir neçə cümlə ilə qeyd etmək istəyirəm.
Suriya hadisələrindən dərhal, heç bir keçid olmadan din və vətən mövzusuna rücu eləmək təəccüblü gəlməsin. Çünki Suriyada döyüşənlər din qardaşlarının köməyinə getdiklərini deyib, öz vətənlərini düşmən tapdağında görməkdən məmnun qalanlardılar. Əziz İslam Peyğəmbəri, bəşəriyyətin ən fəzilətlisi Həzrət Məhəmməd (s) buyurur: “Vətəni sevmək imandandır”. İmamət məktəbinin birinci parlaq ulduzu, bəşərin ən kamil insan nümunələrindən biri Həzrət Əli (ə) isə belə buyurur: “Ölkələr vətən sevgisi ilə abad olar”.
Din-Vətən mövzusunda bu iki kəlamdan daha təsirli və mənalı fikir tapa dilmədim. Məncə geniş izaha ehtiyac yoxdur. Sadəcə bu kəlamları qarşıya qoyub yaxşıca düşünmək lazımdır. Düşüncəsi olmayan və yaxud başqalarının girovuna çevrilən şəxslərə isə bu kimi kəlamları izah eləmək zatən mənasızdır.
Baxın, hər iki kəlamda sevgidən bəhs olunur. Sevgi isə insanın ən xoş an yaşadığı hissə deyilir, fikirndəyəm. İman insanı kamillik zirvəsinə daşıyan yeganə vasitə olduğu halda, bu vasitənin yeganə mənbəyi də SEVGİdir. Yaxud başqa formada desək vətənini sevməyən şəxs sevgini hiss etməz, sevgini hiss etməyən də imanı dadmaz. İmanı dadmayan isə heç zaman cənnət qapısından daxil ola bilməz.
Dinin insan təkamülü - ailəyə, vətənə, qohum-qardaşa sevgidən başlayır, iman və yəqinliklə sona çatır. Öz valideynlərini kafir hesab edib, bacı-qardaşına pis gözlə baxan şəxslər “cənnəti” Suriyanın dağlarında axtarırlarsa sonunda ancaq zülmət adlı bir kabusun rakibi olub sonsuz qaranlığa düçar olacaqlar. Əcəba sadə bir məntiqi anlamaq o qədərmi çətindir?
İndi isə haqqında danışacağım mövzuya qayıdaq. Heç istəməzdim sevgi, iman və vətəndən söz açdıqdan sonra Suriyanın qanlı hadisələrindən və ölkəmizə qədər uzanan zəhərli təhlükəsindən danışım. Amma bu, bir reallıqdır və zamanında deyilməlidir.
Suriyada baş verən proseslər, gedən döyüşlər barəsində dəfələrlə faktlara əsaslanan əhatəli yazılar hazırlamışam. Ona görə də təkrara yol vermədən bu döyüşün sonrakı təhlükələrindən bəhs edəcəm.
Xatırladım ki, Suriyada minlərlə xarici vətəndaş əlinə silah alıb heç bir qayda tanımayan döyüşə qatılıb. Döyüş ifadəsi bəlkə də yumuşaq səslənir. Məlumdur ki, söhbət uşaq, qadın və qoca tanımayan qanlı müharibədən gedir. Əlinə silah alan şəxs qarşısına çıxanı öldürməlidir, əks halda onun əlindəki silahın gülləsi ömrünün son nöqtəsi kimi qəlbini dələcək. Suriya küçələrini dolaşanlar bax bu təfəkkürə sahib terrorçulardılar.
Terrorçunun isə vətəni, dini və dəyər verdiyi bir varlıq olmur. Sadəcə kimlərinsə əlində oyuncaq olub, can almaqdan, qan tökməkdən, məsum uşaqların naləsindən zövq alır. Suriyada isə guya din qardaşının köməyinə gediblər kimi özlərini təqdim edən terrorçular Allahu Əkbər deyib, insan başını üzür və xüsusən şiə əqidəsindən olan şəxsləri amansızcasına öldürürlər.
Məcburam burada bir paralellik aparım. Azərbaycandan qaçaq yolla hətta arvadlarını belə Suriyaya aparan terrorçular hansı hədəflər uğrunda döyüşürlər, çox təəccüblü və ziddiyyətlidir. Bunlar iddia edirlər ki, guya Bəşər Əsəd rejimi zalimdır və oradakı din qardaşlarına zülm edir, bunlar da məzlumların yardımına gedib, zalımla döyüşürlər. Amma həqiqət bunun tam əksini deyir. Bəşər Əsəd Suriyanın legitim prezidentidir və dünyada elə bir ölkə yoxdur ki, mütləq ədalət hakim olsun. Təbii ki, Əsədin də dövlət idarəçiliyində bəzi nöqsanları ola bilər. Bu, əsas vermir ki, xarici ölkə vərəndaşı gedib onunla döyüşsün. Digər tərəfdən Suriya müsəlman dövlətləri arasında mənim tanıdığım ən çox tolerant ölkələrdən biridir. Burada müsəlman və qeyri-müsəlman bərabər hüquqla yaşayıb.
Müsəlman qardaşının yardımına getməyi vacib hesab edənlər erməni tərəfindən əsir götürülmüş qız-gəlinin harayına niyə tələsmir? Suriyadakılar ancaq müsəlman olduqları halda, ermənilərin əlində inləyən və gözləri yol çəkən əsirlərimiz axı həm də bizim namusumuz hesab olunur. Müsəlman yardımına getməyi bəhanə edib Suriyaya nəyinsə arxasınca yürüyən şəxs yaxşı olmazmi Qarabağa getsin? Hə, əllərində bəhanə var ki, Azərbaycan Respublikasının Prezidenti müharibə əmri vermir. Yaxşı, izah eləsinlər ki, bəs Suriyaya hansı prezidentin əmri ilə gedirlər?
Daha təhlükəlisi isə odur ki, Qarabağda döyüşməyi düzgün saymırlar. Onlar heç Azərbaycanı özlərinə vətən hesab eləmirlər. Bu ölkənin rəhbərlərini kafir və zalım, əhalisini isə müşrik adlandırırlar. Əqidələrinə görə, kim 7 şiə öldürsə cənnət ona vacibdir. Azərbaycan əhalisinin də böyük əksəriyyəti şiədir. Bu məntiqlə Suriyada döyüşən terrorçuların azərbaycan üçün hansı təhlükələr vəd etdiyini düşünmək belə dəhşətdir.
Yaxın keçmişdə hər birimizin xatırladığımız Qarabağ uğrunda döyüşləri yada salın. Həmin savaşda torpağımızı müdafiə edən əsgərlərimiz döyüşdən bir müddət sonra özlərinə gələ bilmir, müharibə həyacanı ilə yaşayırdılar. İndi özünüz təsəvvür edin, məsum körpəyə belə rəhm etmədən başını bədənindən ayıran terrorçu ölkəmizə qayıdarsa “cənnət” həvəsi ilə hansı cinayətlərə əl atacaq. Suriyada “cənnət” axtarışları boşa çıxanlar, Bakıda və digər rayonlarımızda bu sevdalarını axtaracaqlar. Suriyada gedən döyüşlərin mütləq sonu gələcək. O zaman Azərbaycan vətəndaşı olan terrorçular da ölkəmizə qayıtmalıdırlar. İndi ancaq eşitdiyimiz və telekanallar vasitəsi ilə seyr etdiyimiz dəhşətli anları onda yaxından yaşayacağıq. İndi Suriyada öldürülən məsum körpələr, təcavüzə məruz qalan qadınlar, o zaman bizim uşaqlarımız və ana-bacılarımız olacaq.
Bu dediklərim xəyal və ehtimal deyil. Hər bir insanın asanlıqla başa düşə biləcək reallıqdır. Terrorçunun peşəsi günahsız insan öldürməkdir. Sizcə Suriyada terrorçu kimi formalaşan şəxslər gəlib Azərbaycanda mərhəmət mələyinə çevriləcəklər? Əsla!
Məncə iki yol ayrıcındayıq. Ya qeyd etdiklərimizi sakitcə seyr edib sonunda dəhşətli acılar yaşamalıyıq, ya da bütün gücümüzü səfərbər edib xaricə "cənnət" arzusu ilə gedənlərə mane olmalıyıq. Bununla da təhlükənin Azərbaycana gəlməsinin qarşısını nisbətən almış olarıq.
Sonda daha bir həqiqəti diqqətinizə çatdırmaq istəyirəm. Təhlükə deyəndə təkcə kimisə öldürməyi nəzərdə tutmuram. Terrorçu kimi formalaşmaqda olan qrupların daha ciddi hədəfləri özlərinə məxsus dini dövlət qurmaqdır. Bu qədər axıdılan qanlar da məhz həmin məqsədə xidmət edir. Bunlar Azərbaycana qayıdandan sonra öldürülməsini vacib bildikləri şəxsləri terror eləməklə, işlərini sona çatmış hesab etməyəcəklər, əksinə əsas “ali məqsəd”ləri uğrunda döyüşəcəklər. Ali hədəfləri isə “dini dövlət” qurub, cəmiyyəti batil əqidə ilə idarə eləməkdir. Bax, faciənin əhatəsi o zaman daha geniş miqyasda ifadə olunacaq. Məqsədlərinə nail olarlarsa, heç şübhəsiz insanlarımızla yanaşı dövlətçiliyim də ciddi təhlükə ilə qarşılaşacaq.
Ümid edirəm ki, bu dövlətin qorunması, vətəndaşların təhlükəsizliyində təminatçı olanlar qeyd etdiyimiz faktları ciddiyə alıb, lazımi tədbirlər görəcəklər.
“Xeber.info”